Tibbi personalsız təyyarə: Səhhəti pisləşənlər Allahın ümidinə qalıb

Təyyarələrdə tibbi personalın olması beynəlxalq normalarda əksini tapmayıb, lakin normalara dəyişiklik edilsə yaxşıdır

Stüardessaların ilkin tibbi yardımı professional tibbi yardım deyil

  Manila-İstanbul reysini həyata keçirən "Türk Hava Yolları" şirkətinə məxsus təyyarənin Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş etməsi təyyarələrdə tibbi personalın da olması məsələsini gündəmə gətirir. Qeyd edək ki, Manila-İstanbul reysini həyata keçirən "Türk Hava Yolları" şirkətinə məxsus təyyarənin Bakıya təcili eniş etməsinə səbəb 45 yaşlı qadın sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması) olub. Manila-İstanbul reysi ilə uçan “Airbus A350” təyyarəsi saat 03:30-da Bakıya eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib. Təyyarə saat 05:07-də Bakıdan İstanbula yola düşüb. Təyyarələrdə niyə tibbi personal olmur?
“Sherg.az"a açıqlamasında Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov qeyd etdi ki, təyyarələrdə tibbi personalın olması beynəlxalq normalarda əksini tapmayıb. Lakin normalara dəyişiklik edilsə yaxşıdır:
"Bu məsələ təəssüf ki, hava nəqliyyatı ilə bağlı beynəlxalq normalara daxil deyil. Lakin hesab edirəm ki, qaydalara mütləq dəyişiklik edilməlidir. Ola bilsin, hava nəqliyyatındakı səfərlərdə sərnişinləri həm də tibbi personalın müşayiət etməsinə ona görə ehtiyac görmürlər ki, stüardessalara adətən ilkin tibbi yardımla bağlı təlimat keçilir. Yəni stüardessalar ilkin tibbi yardım təlimatı alır. Amma bu, professional tibbi yardım deyil, stüardessalar da professional tibb işçisi deyillər. Onlar sadəcə, vəziyyəti qəfil pisləşən sərnişinlərə müəyyən yardım göstərir, təyyarə salonunda həkim olub-olmamasıyla maraqlanır, çağırış edir, yardım göstərə biləcək sərnişinləri səfərbər edirlər. Təyyarələrdə aptek qutusu da olur, orada ilkin tibbi yardım ləvazimatları, müəyyən tibbi preparatlar saxlanır. Bildiyim qədər uzaq məsafələrə uçan böyük laynerlərin uçuş heyətinə tibbi personal, orta tibb işçisi də daxil edilir. Yaxın məsafələrə uçan təyyarələrdə isə tibbi personal olmur. Amma bütün sərnişin təyyarələrində olması məsləhətdir. Hətta sərnişin qatarları da tibbi personalla təmin edilməlidir. Bələdçilər də müəyyən ilkin tibbi yardım göstərə bilər. Lakin yaxşı olar ki, sərnişin qatarları da ixtisaslı həkimlə təmin edilsin. Çünki hazırda insanlar arasında sağlıq problemləri yarananlar çoxluq təşkil edir. Xüsusilə ürək çatışmazlığı xəstəliyi artıb. Elə kritik vəziyyət yarana bilər ki, professional tibbi müdaxiləyə ehtiyac duyular. Bu vəziyyətdə mütləqdir ki, bunu mütəxəssis icra etsin. Xatırlayıram ki, vaxtilə Bakı-Kiyev sərnişin qatarında tibbi personal olurdu, sərnişinləri müşayiət edirdi. Bunu indi də həyata keçirmək lazımdır.
  Ş.Məmmədov bildirdi ki, xüsusi təcili yardım təyyarələri də mövcuddur, onlar ağır xəstələri gedəcəkləri ölkəyə bu təyyarələr vasitəsilə çatdırırlar:
" Xəstənin yanında həkimin olması isə başqa məsələdir. Bəzən bunu həkimdən xahiş edirlər ki, xəstəni müşayiət etsin, uçuş müddətində xəstə həkim nəzarətindən kənar qalmasın. Bu, şəxsi istəyə və imkana bağlıdır artıq. Sağlamlığında müəyyən problemlər olan, yüksək qan təzyiqindən əziyyət çəkənlər təyyarə ilə səfərlərə ehtiyatlı yanaşmalıdır. Həkimlə məsləhətləşməli, uçuşu problemsiz keçirə biləcəyini dəqiqləşdirməlidir. Yaxşı olar ki, sərnişinlər uzaq səfərlərə çıxdıqda, təyyarə ilə səfərdən ehtiyat etdikdə, gündəlik istifadə etdikləri və ya həkimin məsləhət gördüyü dərmanları da özləri ilə götürsün. Səhhətində problem olanlar, qan təzyiqindən əziyyət çəkənlər, ürək çatışmazlığı olanlar üçün təyyarə ilə səfər risklidir. Çünki təyyarə yüksəyə qalxdıqca havanın təzyiqi də qalxır, bu isə bəzi insanlara mənfi təsir edir".