Virusun qarşısını almaq mümkün deyil Pediatrdan məsləhət

Uşaqların immunitetini xəstələnməmişdən əvvəl möhkəmləndirmək lazımdır

  "Hazırda ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət nəzarət altındadır". Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkədə uşaqlar arasında 11 yoluxucu xəstəlik üzrə peyvəndləmə aparılacaq: "Bu iş ölkədə hər il həyata keçirilir. İldən-ilə ölkəyə müasir vaksinlər gətirilir".
  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov  isə deyib ki,  viruslar ən çox qapalı, insanların çox olduğu mühitlərdə yayılır. O bildirib ki, tədrisin başlaması ilə havaların soyuması eyni vaxta düşdüyü üçün qeyd edilən mühitlərdə yoluxma halları artır: “Tez-tez burun tutulması, burunaxması, boğazın qıcıqlanması, ağrıması virusa yoluxmanın ilkin əlamətlərindəndir. Bu, orqanizmin müdafiə funksiyasıdır. Orqanizm selikli qişanı təmizləmək üçün öskürmə, qıcıqlanma ilə büruzə verir. Bütün viruslar qızdırma vermir. Rinovirusa yoluxan şəxslərdə temperaturun yüksəlməsi olmur. Lakin qripə yoluxma zamanı bütün orqanizm reaksiya ilə cavab verir. Bu baxımdan qrip rinovirusdan daha ağırdır”.
  Həkim virusa yoluxmadan qorunmaq üçün gigiyena qaydalarına əməl etməyin əhəmiyyətini vurğulayıb: “Virusa yoluxmadan qorunmaq üçün əsas şərt gigiyenadırsa, digər şərt də otaqların havalandırılmasıdır. Bəzən qapı-pəncərəni bərk-bərk bağlayırlar ki, soyuq olmasın. Lakin bu, yolverilməzdir. Havanı nəmli saxlamaq lazımdır”.
  T.Əyyubov həmçinin qeyd edib ki, uşaqları soyuğa öyrəşdirmək lazımdır: “İnsan təbiətlə nə qədər çox əlaqədə olsa, immuniteti o qədər çox inkişaf edəcək. Elə buna görə də kənd uşaqları daha sağlam olur, gec xəstələnirlər, şəhər uşaqları isə daha tez-tez xəstələnirlər”.
  Pediatrın sözlərinə görə, 4-5 yaşa qədər uşaqların il ərzində 10-12 dəfə xəstələnməsi normal haldır: “4-5 yaşdan sonra uşaqlarda virusa qarşı orqanizmin müdafiəsi zəifləyir. Buna görə 4-5 yaşda uşaqları bağçadan saxlamaq düzgün deyil. Çünki onlarda immun sistemi formalaşmadığına görə, məktəbə getdikləri zaman daha tez-tez xəstələnəcəklər. Unutmamalıyıq ki, immunitet mühitdə formalaşır”.
  Mütəxəssis bildirib ki, xəstə uşaq ağırlaşmış halda deyilsə, qorxulu infeksiyaya yoluxmayıbsa, o zaman bağçaya, məktəbə getməsini məhdudlaşdırmağa ehtiyac yoxdur.

  Uzun müddət davam edən öskürəkdən danışan həkim deyib ki, ölkəmizdə bununla bağlı valideynlərin ciddi narahatlığı olsa da, öskürəyə görə panikaya düşməyə ehtiyac yoxdur: “Əgər öskürək uşağın fəaliyyətinə mane olmursa, digər xəstəliklərə xarakterik formada deyilsə, qorxmaq lazım deyil. Öskürək 3-4 həftədən artıq davam etdiyi zaman səbəbini araşdırmağa ehtiyac var”.

  Pediatr Aytən İsmayılova isə Sherg.az-a açıqlamasında deyib ki,  virus infeksiyalarının qarşısını almaq mümkün deyil, bu infeksiyalar həmişə olub və olacaq. 
Soyuq havalarda virusların daha da aktivləşdiyini vurğulayan pediatr  deyib ki,  soyuq travması nəticəsində uşaqlarda immunitet zəifləyir, virus infeksiyalarına yoluxma, ağırlaşma halları daha çox müşahidə edilir. Ağırlaşma hallarına daha çox immuniteti zəif olan uşaqlarda rast gəlinir.

  A.İsmayılovanın sözlərinə görə, uşaqların immunitetini xəstələnməmişdən əvvəl möhkəmləndirmək lazımdır. İmmunitet kimdəsə güclü, kimdəsə zəifdir: “Amma uşaqlar zərərli qidalar, kolbasa-sosiska, şirniyyat yedikdə, tez-tez yersiz kimyəvi dərmanlar, antibiotiklər, ağrıkəsicilər qəbul edəndə onların bağırsağında mikroflora məhv olmağa doğru gedir və immunitet zəifləyir. Sağlam qidalanan,  meyvə-tərəvəzi, lifli qidaları  bol yeyən, dərmanlardan, antibiotiklərdən uzaq olan, əvvəldən ana südü ilə qidalanan uşaqların immuniteti güclü olur. Bundan əlavə, yay aylarında uşaqların kifayət qədər D vitamini qəbul etməsinə fikir vermək lazımdır. D vitamini sintezi gedən vaxtlarda uşaqları havaya çıxarmaq vacibdir. Dəniz kənarına gedib qaralmaq immuniteti gücləndirmək demək deyil, əksinə, zəiflətməkdir. Çünki dərinin də immun xüsusiyyətləri var, dəri qaralanda immunitet zədələnir, dağılır. İmmuniteti gücləndirən əsas vitamin D vitaminidir. Bu vitaminin əskikliyi olarsa, immunitet də zəifləyər. Uşaqlar ilboyu imkan olan kimi günəşlə təmasda olmalıdırlar. Uşaq bağlı, qapalı məkanlarda az zaman keçirməlidir. Fəsil dəyişən kimi valideynlər dərhal gedib aptekdən balıq yağı, vitaminlər alırlar, amma bu, səhvdir. Heç bir vitamin kompleksi və balıq yağı immuniteti möhkəmləndirmir. Uşaqlara gigiyena qaydalarını öyrətməliyik ki, asqıranda, öskürəndə əlini ağzına tutubsa, sonra əllərini sabunlayıb yusun. Ayaqyoluna gedəndə, pilləkənlərdən, qapı dəstəyindən tutduqdan sonra, qida qəbul etməzdən əvvəl mütləq əllər yuyulmalıdır. Mövsüm dəyişməsi təkcə qrip deyil, digər virusların da yaranmasına, yayılmasına şərait yaradır”.