Valideynlərin imtina ərizəsi ilə razılaşanda nəticə belə də olacaqdı
“Qızılca virusu güclü virusdur. İmmuniteti zəiflədir və tez zamanda ağırlaşmalara gətirir”. Pediatr Aytən İsmayılzadə bildirib ki, qızılca xəstəsinə müalicə yazdırmaq üçün özəl klinikalara, poliklinikalara aparmayın. Ordakı körpələri, hamilələri risk altına salırsız.
Pediatrın sözlərinə görə, qızılcaya yoluxmuş xəstəyə xüsusi nəzarət lazımdır. Bu isə telefonla olmur. Ancaq birbaşa xəstə müayinə olunmalıdır. Buna görə sahə həkimi evə baş çəkməlidir: “Qızılca virusu xəstəliyin ilk bir həftəsində hələ səpkilər yoxkən daha çox yoluxucudur. Buna görə siz onu qrip ilə səhv salıb həkimə aparmağa tələsməyin. Gözlərdə qızartı, halsızlıq, davamlı başağrısı görsəz, bilin ki, qızılca ola bilər və səpkiləri gözləyin. Eyni zamanda həkimə də məlumat verin. İndi hamı əl-ayağa düşüb tez gedəcək peyvənd vurdurmağa ki, uşağı yoluxmasın. Bu, düzgün olmayacaq. Çünki indi epidemiya başlayır. Və onun peyvəndi canlıdır. Siz uşağın yoluxduğunu bilmədən peyvənd etdirə bilərsiz ki, bu da ağırlaşmaya gətirər. Qızılca virus xəstəliyi olsa da həm viral, həm bakterial ağırlaşmalar tez görülə bilər: sətəlcəm (pnevmoniya), ensefalit (beyin iltihabı) meningit, karlıq, kolit və s. Qızılca ölümlə də nəticələnə bilər. Qızılca skarlatina və oxşar digər xəstəliklərlə fərqləndirilməlidir. Qızııca səpkiləri xırda-xırda, birləşməyə meyilli, üzdən başlayır. Bütün bədənə yayılır. Səpkilər mədə-bağırsaqda da olur, pəhriz saxlamaq lazımdır. Gözlərdə güclü viral konyuktivit səbəbindən işıqdanqorxma olur. Qızılca virusu göz əzələ siniflərini zədələyərsə, çəplik, görmə problemi, korluq yarada bilər. Xəstə ilə təmasda olan uşaqlara profilaktik immunoqlobulin təyin olunur”.
Həkimin sözlərinə görə, qızılcaya immunitet ömürlük yaranır. Peyvəndi iki dəfə edilir. 1 və 6 yaşda. Hamilələr və 12 aya kimi uşaqlara peyvənd edilmir. Buna görə xəstələr onları rahat yoluxdura bilər: “Peyvənd olunmuş uşaqlar xəstəliyi yüngül, simptomsuz keçirə bilər. Bununla yanaşı onlar aktiv mənbə hesab olunmur.
- Əhalinin 90 faizdən çoxunun peyvəndli olması xəstəliyin yayılmasına əngəldir. Bizdə bu faiz aşağıdır ki, hardansa gələn bu virus belə arta bilir.
Uşaqların peyvəndini vaxtında etdirmək lazımdır. Valideynlərin imtina ərizəsi ilə razılaşanda nəticə belə də olacaqdı”.