2017-ci ildən başlayaraq, kişilərin orta ömür müddətində artım qeydə alınır.
Alimlər kişilərin ömrünün qadınları da geri qoyacağını bildirir. 2030-cu ildə kişilərin orta ömrü 83 yaşa çata bilər. Düzdür qadınlarda da bu rəqəm 86-ya çatacaq, amma ilk dəfədir ki, kişilərdə orta ömür artımı bu qədər yüksəlir. Alimlər BMT Əhali Fondunun məlumatlarından istifadə edərək, 1990-cı ildən 2020-ci ilə qədər olan məlumatları təhlil edərək, ölümlə bağlı doqquz göstərici əsasında 194 ölkəni beş qitəyə uyğun gələn beş qrupa qruplaşdırıb. Hətta, Afrikada belə HİV, SPİD və s. xəstəliklərin azalması əhalinin orta ömrünü uzadacaq. Ümumiyyətlə, kişilərin az ömür sürməsinin səbəbi Y xromosomlarının itirilməsi ilə bağlıdır.
Maraqlıdır, son dövrlər kişilərin ömrünün uzanması nə ilə əlaqəli ola bilər?
Məsələyə münasibət bildirən professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, ömrün uzanıb, qısalması deyilən anlayış nisbidir:
"Zaman-zaman fiziki inkişafın əqli inkişafı üstələməsi baş verib. Misal olaraq müşahidə edirik ki, 8-sinifdə oxuyan uşaq öz yaşına nisbətdə boyu uzun yaxud da qısadır. Ömrə təsir edən amillər isə çoxdur. Oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, yüksək dərəcədə alkaqol, siqaretdən istifadə edilməsi, şəkərli diabet və digər xəstəliklər ömrün qısalmasına gətirib çıxarır. İnsan fizioloji ömürü yüz ildən yuxarıdır. Yəni,bütün adamlar 100 ildən yuxarı yaşaya bilər. Ancaq çox yaşamırsa, ya onun genetik defekti mövcuddur, ya da hansısa bir xəstəlik həmin şəxsin həyatının qısalmasına səbəb olur. Çox təəssüflər olsun ki, həyat tərzini arxa plana atırıq, millətimizdə tənbəllik var. Kütləvi idmana meyillilik yoxdur və çox qida qəbul edirlər".
A.Qeybulla vurğulayıb ki, kişilər son vaxtlar həyat tərzini dəyişməyə meyilləniblər:
"Bu da ömrün uzanmasına səbəb olub. Qadınlar arasında da alkaqol və siqaretdən istifadə çox yayılıb. Bu baxımdan demək olar ki, qadınların sayı kişiləri ötüb. Düşünürəm ki, genefondun sağlamlığı istiqamətində bir proqram tərtib olunmalıdır ki, vətəndaşlar öz sağlamlıqlarını daha yaxşı qoruya bilsinlər. Bu təbliğatdan tutmuş kütləvi idmana qədər bütün sahələri əhatə etməlidir".