Bədənin müxtəlif hissələrinə banka qoyulması - Pediartdan RƏY

Daxili qanaxma verə bilər

Banka qoymağın sağlamlığa hər hansı faydası müasir tibdə təsdiqini tapmayıb

  Texnologiyanın, tibbin inkişafına rəğmən insanların çoxunun seçimi ənənəvi müalicə üsullarıdır. Yüz illərdir müraciət edilən bankalanmaq da bu üsulların başında gəlir. Bir azca soyuqladıqda, kürək ağrıları olduqda insanlar çarəni bankalanmaqda görürlər. Bu üsula daha çox yaşlı və orta nəslin nümayəndələri üstünlük versə də, azyaşlı uşaqlarına banka qoymaqdan çəkinməyən valideynlər də az deyil. Hətta belə bir inanc da var ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub. Həmin yeri həcəmət deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar.
  Elm adamlarının israrla qaçınılması lazım olduğu deyilən bankalamaq tibb aləmində yenidən müzakirə mövzusuna çevrilib.
Alternativ müalicə üsulu olaraq təklif edilən bankalamağın infeksiyaya və qalıcı yaralara səbəb ola biləcəyi bildirilir.
Türkiyənin Uludağ Universitetinin Tibb Fakültəsinin Fiziki Müalicə və Reabilitasiya üzrə müəllimi, professor Lale Altan sosial media hesabında qeyd edib ki, bankalamaq müalicə deyil. Onun sözlərinə görə, qan tökməklə heç bir xəstəlik sağalmaz.
  Hematologiya mütəxəssisi, professor Mustafa Çetiner qeyd edib ki, banka qoymaq və buna bənzər alternativ təbabət üsullarının elmi isbatı son dərəcə zəifdir: “Bu üsulları müalicə kimi təqdim etmək elmi deyil, daha çox kommersiya xarakteri daşıyır. Üstəlik, savadlı olmayan insanlar bu cür təcrübələri həyata keçirməyə çalışır. Vətəndaşlarımıza tövsiyə edirəm ki, elmi-tibbi müalicələrdən kənara çıxmasınlar. Lazımsız sertifikat proqramları və müəyyən təcrübələr nəticəsində çox ciddi və ölümcül tibbi səhvlər ola bilər”.
  Daxili xəstəliklər mütəxəssisi, professor Osman Erk heç bir halda banka qoymağı məsləhət görmür: “Bu yalnız psixoloji təsir göstərə bilər. Bundan başqa, orqanizmə hər hansı bir faydalı təsiri yoxdur. Qan almaq yerinə hər 3 aydan bir qan verilməlidir. Bədənin bütövlüyünü pozmaq, onu qanatmaq və ya qanaxmaya səbəb olmaq üçün elmi əsas yoxdur. Ozon terapiyası tendensiyası da var. Həkimin uyğun gördüyü insanların immun sistemini dəstəkləmək üçün zaman-zaman ozon terapiyasından istifadə oluna bilər”. Yoluxucu xəstəliklər mütəxəssisi, professor Mehmet Ceyhanın sözlərinə görə, Türkiyəyə bankalamaq Misirdən, akupunktura isə Uzaq Şərqdən gəlib: “Bunların heç biri bizə xas olan ənənəvi tibb üsulları deyil. Deyirlər ki, banka qoymaq bədəndəki çirkli qanı təmizləyir, amma biz bunu son dərəcə müasir üsullarla edə bilərik. Bu prosedurun nə məntiqi, nə də elmi cəhətdən xəstəyə bir faydası var”.
Qeyd edək ki, Azərbaycanda da ən geniş yayılmış türkəçarə üsullardan biri bankalanmaqdır. Mütəxəssislərimiz isə hesab edir ki, banka qoymağın sağlamlığa hər hansı faydası müasir tibdə təsdiqini tapmayıb. Buna yayındırıcı terapiya deyirlər. Yəni bankalanmaq daxildə gedən patoloji prosesə təsir göstərmir.
Bir qrup alimlər isə bunu “Plasebo effekti” ilə əlaqələndirirlər. "Plasebo effekti" müalicənin hər hansı bir fizioloji təsirindən daha çox müalicənin işə yaradığına inanmaqdan qaynaqlanır.
  Pediatr Afət İbrahimli də “Sherg.az"a açıqlamasında deyib ki, türkəçarə olaraq bilənən bu hal, bədənin müxtəlif hissələrinə banka qoyulması qətiyyən düzgün deyil: “Dünyada artıq həcəmətdən istifadəyə qadağa qoyulub, lakin çox təəssüf ki, Azərbaycanda bədənin müxtəlif hissələrinə banka qoyulması üsulundan hələ də istifadə olunur. Banka qoymaq insan orqanizmi üçün çox zərərlidir. Əvvəllər banka qoyulan yeri çərtib, toplanmış qara qanı çıxarırdılar. Çünki banka qoyulduqdan sonra onun yerində yaranmış qan-toxuma ölür. Heç olmasa, keçmişdə ölmüş qanı çıxardırdılar. Amma indiki dövrdə hər addımbaşı, xüsusilə də uşaqlara "soyuqdəymə" deyib bankaları bədənin harasına gəldi qoyurlar. Çərtilməmiş yerlərdə toplanan qan sonra yavaş-yavaş sovrulur və qaraciyərin yüklənməsinə gətirib çıxarır. Qaraciyər də orqanizmə təzə qan vermək üçün həmin ölmüş qanı özünə çəkir. Nəticə olaraq da insanlarda bu orqanla bağlı şikayətlər yaranır. Qaraciyərin ağrıması, şişməsi, serroz problemlərindən şikayətlənirlər. Qaraciyərin xəstəliklərini yaradan amillərdən biri də banka qoyulması, ölmüş qanla yüklənməsidir”.
  Həkimin sözlərinə görə, xüsusən də uşaqlar üçün isə bankalanmaq böyük bir stressdir: “Çox təəssüf ki, valideynlər məsələnin bu tərəfinə çox vaxt diqqət yetirmirlər. Halbuki uşaqları bu cür stress yaradan müdaxilələrdən maksimum şəkildə uzaq tutmaq lazımdır. İkincisi, banka onurğa sümüyü ilə kürək sümüyünün arasındakı əzələnin üstünə qoyula bilər. Amma buna çoxları riayət etmir, sümüyün üstünə də banka qoyurlar. Bu da yanlışdır. Üçüncüsü, qanında laxtalanma problemi olan uşaqlar üçün olduqca təhlükəli müdaxilədir. Daxilə qanama verə bilər. Ümumiyyətlə, bu prosedurun heç bir müalicəvi tərəfi yoxdur. Üstəlik, fəsadlar da verə bilir. Çox vaxt görürük ki, öskürəyi olan uşağa banka qoyurlar. Uşağın ciyərində problem varsa, banka onda ciddi ağırlaşmaya səbəb ola, xəstəliyi daha da ağırlaşdıra bilər. Banka bronxitlərə, pnevmoniyalara təsir edib sağaldacaq qüvvəyə malik deyil. Soyuqdəymənin kəskin vaxtı, yəni hərarətin yüksək vaxtı da banka qoymaq olmaz”.