Mütəxəssislər Z nəslin "korluq epidemiyası" riski ilə qarşılaşdığına dair xəbərdarlıq ediblər, çünki yeni nəsillər əvvəlki qədər çölə çıxmır. Buna uyğun olaraq, davamlı texnoloji cihazların ekranlarına baxmaq və gün işığından uzaq olmaq korluq dalğasına səbəb olub.
Oftalmoloq Aynurə Əliyeva “Sherg.az”a bildirib ki, “Korluq epidemiyası” adlandırılan xəstəlik insanları təlaşa gətirmək üçün ortaya atılan bir deyimdir:
"Uşaqlar və gənclər qapalı məkanlarda daha çov vaxt keçirdikləri üçün onlarda vitamin çatışmazlığı, ətraf mühitlə əlaqənin kəsilməsi, yuxu pozğunluğu baş verir. Avropa ölkələrində bağçadakı uşaqları yağışlı hava şəraitindən sonra günəş çıxdıqda parklara və yaşıllıqlara apararaq dərslərini orada davam etdirirlər. Uşaqlar yaşıllıqla təmasda olurlar, oksigen və D vitamini qəbul edirlər. Ultrabənövşəyi şüaların təsirindən bütün orqanizm qocaldığı kimi gözlərə mənfi təsir göstərir. Bu xəstəlikdən qorunmaq üçün ehtiyac olmadıqda telefon, planşet və televizorlardan istifadə etməmək lazımdır. Lazım olduqda isə düzgün şəkildə yararlanmaq gərəkir. Məsələn, texnoloji alətlətlərə 40 dəqiqə baxdıqdan sonra 5 dəqiqə fasilə vermək, gözləri tez-tez qırpmaq, qaməti düzgün saxlamaq lazımdır ki, qan dövranı pisləşməsin. Çünki qan dövranı pozulduqda gözlərə əks təsir göstərir".