Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır? -AÇIQLAMA

Ramazan ayında sağlamlığı qorumaq üçün düzgün və balanslı qidalanma şərtdir
 
 
 Bu gün müqəddəs Ramazan ayının  üçüncü günüdür. Həkim-mütəxəssislər hesab edir ki, Ramazan ayında sağlamlığı qorumaq üçün düzgün və balanslı qidalanma şərtdir.  Ramazanın ilk günündən imsak və iftarda tərkibində maye olan qidalara üstünlük verilməsi tövsiyə olunur. Süfrəyə təqdim olunan qidaların kalorili, insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən, vitamin və minerallarla zəngin olması vacibdir.
Xüsusilə quru paxlalı, tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır.
İftar yeməyindən dərhal sonra çay və kofenin içilməsi məsləhət görülmür.
Onu da deyək ki, həkimlər hamilə, şəkər, ürək-damar sistemi ilə bağlı xəstəliyi olan, xroniki xəstəliklərdən əziyyət çəkən, yetkinlik yaşına çatmayan şəxslərin və kimyəvi terapiyaya müraciət edən xərçəng xəstələrinin oruc tutmasını məsləhət görmürlər.

 Ramazan ayında düzgün və balanslı qidalanma ilə bağlı tövsiyələrini bizimlə bölüşən akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Endokrinologiya şöbəsinin müdiri Aynur Hümbətova bildirib ki, sözügedən ayda balanslı qidalanmaya diqqət yetirilməlidir:
 “İstilik və rütubətin artması səbəbindən orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içmək lazımdır.
 Bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma endirilməlidir. Xüsusilə çəki problemi və şəkəri yüksək olanların Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye ehtiyacını ödəyəcək mineral sulara üstünlük vermələri tövsiyə edilir. Bütün günü ac qalmaq qanda şəkər balansını pozur. Diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidirlər. Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdırlar”.

 Şöbə müdiri əlavə edib ki, oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır:
 “Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər. Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin həkim məsləhəti olmadan oruc tutmaları tövsiyə edilmir. Hamilələr, süd verən analar özlərinin və körpələrinin sağlamlığı məqsədilə oruc tutmaq üçün ginekoloqlarından məsləhət almalıdırlar. Hər hansısa bir xəstəliyin kəskinləşmə mərhələsində, aktiv infeksiyalı vəziyyətlərdə də həkim məsləhəti olmadan oruc tutulması zərərli ola bilər”.

 Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev  isə “Sherg.az”a açıqlamasında  deyib ki,  iftar zamanı həddindən artıq yağlı qidaların qəbul edilməsi sağlamlığa mənfi təsir göstərir: 
“Ramazanda günün uzanması və gecələrin qısalması ilə aclıq müddəti də uzanır. Bu dövrdə qan şəkəri aclıq səbəbindən düşdüyü üçün gün ərzində yorğunluq yarana bilər. Bu səbəbdən imsak yeməyi vacibdir. İmsak zamanı asan həzm olunan tərəvəz yeməkləri və çox yağlı olmayan şorbalara üstünlük verilə bilər”.