Bitki çaylarına, bitkilərlə müalicəyə son illərdə daha çox önəm verilir. Bəlkə də bu, dərman preparatlarının keyfiyyətsizliyi, xəstəliklərin müalicəsində effektsiz olmalarıyla bağlıdır. Lakin xalq təbabətinə üz tutanlar, şəfanı təbii nemətlərdə axtaranlar həmişə olub, indi də var. Bu isə düşündüyümüz kimi sadə və asan deyil. Xalq təbabəti üzrə mütəxəssislər də hər zaman vurğulayır ki, təbii müalicə metodlarından bu barədə məlumatı olanlar istifadə etməlidir. Hər bitki hər dərdin dərmanı deyil. Əksinə, düzgün istifadə edilmədikdə orqanizmdə fəsadlar yarada bilər.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən türkiyəli professor Mehmet Şükrü Severin bitkilərlə müalicə barədə xəbərdarlığını təqdim edir. Professor qeyd edib ki, təbii müalicəyə üstünlük verənlər ehtiyatlı olmalıdır. Dünya əhalisinin 75 faizi təbii vasitələrdən müalicə məqsədilə istifadə edir: “Amma bitki tərkibli dərmanla bitkilərlə müalicə arasında fərq var. Tərkibi bilinməyən, hansı vitaminləri, mineralları özündə cəmləşdirdiyini bilmədiyniz bitki vasitələrindən nəzarətsiz bir şəkildə istifadə orqanizmdə fəsadlara yol aça bilər. Məhz tərkibi bilinməyən bitki vasitələrindən istifadə etdiyi üçün böyrək çatışmazlılğı xəstəliynə tutulan bir çox pasiyentimiz olub. Məsələn, ağrıkəsici xüsusiyyətinə görə istifadə edilən çinar yarpağı, söyüd ağacı yarpağını qaynadıb içirlər, nəticədə böyrək ağrıları başlayır. Dərman preparatları ilə təbii vasitələri bir-birinə qatmaq təhlükəlidir”. Professor bildirib ki, kimsə hansısa bitkinin qabığının, yarpağının, çiçəyinin faydalı olduğunu deyir, insanlar da apteklərdən onları almağa çalışır. Lakin yanlışlığa yol verirlər. İnsan orqanizmində hansı orqanda problem olduğunu bilməlidir və buna uyğun davranmalıdır: “Bir çox dərmanlar bitkilərdən hazırlanır. Lakin bu o demək deyil ki, bitkilərdən istehsal prosesi keçməmiş istifadə etmək olar. Şəfalı bitkilər toplanır, tərkibi müəyyənləşir ki, hansı xəstəliyə əlac ola bilər, bunun dozası var, saflaşdırılması, zərərli maddələrin xaric edilməsi var. Bu çox uzun bir prosesdir. Odur ki, “yaşıl apteklər”dən müxtəlif bitkilər, çiçəklər alıb, məlumatlı olmadan istifadə etmək ağır xəstəliklərə səbəb ola bilər. “Bunu qonşu məsləhət gördü, nənəm belə edirdi”, deyib tanımadığınız, tərkibindən xəbərdar olmadığınız bitkini istifadə etməyin”.
Məlahət