Uşaqlarda mədə-bağırsaq problemi varsa, valideynlər bu məsələdə də diqqətli olmalı, az yağlı, yüngül qidalara üstünlük verməlidirlər
Səhiyyə Nazirliyinin Novruz bayramında qeyri-iş günləri ilə bağlı əhaliyə müraciət edib.
Müraciətdə qeyd edilib ki, yaz mövsümü ilə əlaqədar insanların immun sistemində müəyyən təbii dəyişikllikər baş verir. Belə ki, infeksiyaların yayılması insanların yoluxmasına və xəstələnmə hallarına səbəb olur: “İlk növbədə hava-damcı yolu ilə yayılan qrip və digər respirator virus infeksiyalarına yoluxma hallarına daha çox rast gəlinir. Hərarəti yüksək olan, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri, yəni asqıraq, öskürək, burunaxma və ya burun tutulması, boğaz ağrısı müşahidə edilənlər təmasda olduğu digər şəxsləri yoluxdurmamaq üçün gigiyenik vasitələrdən istifadə etməlidirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn Novruz Bayramı ilə əlaqədar qeyri-iş və istirahət günlərində əhalinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, ümumi gigiyena tələbləri, habelə digər profilaktik qaydalara riayət olunmasını tövsiyə edir. Eyni zamanda ilin bu mövsümündə orqanizmin immun sisteminin gücləndirilməsi məqdəsilə gündəlik qidalanma rejiminə vitamin və minerallarla zəngin məhsulların daxil edilməsi vacibdir”.
Pediatr Vaqif Qarayev isə “Sherg.az”a açıqlamasında deyib ki, xüsusən allergik və mədə-bağırsaq problemi olan uşaqlar üçün bayram süfrəsindəki nemətlər problem yarada bilər:
“Bunu həmişə müşahidə edirik. Sarı rəngdə olan qidaların bir çoxu allergen məhsullar hesab olunur. Eyni zamanda bal, qoz, fındıq da allergen qidalardır. Düzdür, bu o demək deyil ki, bir uşaqda bütün bunların hamısına allergiya səbəb olur, lakin uşaqda hansına allergiya varsa, valideyn diqqətli olmalı, o qidanı uşağa verməməlidir. Təbii ki, bu məhsullar uşaqlar üçün ləzzətlidir. Amma allergiyası olan uşaqların valideynləri onlarda dəqiq hansı qidaların allergiya yaratdığını bilməli və onları bu məhsullarla qidalandırmamağa çalışmalıdırlar. Lakin sanki bayram günlərində valideynlər uşaqlara qıya bilmirlər. Uşaqlara bayram süfrəsindəki allergen məhsullarla qidalanmağa icazə verirlər. Bu da allergiyanın kəskinləşməsinə səbəb olur. Tez-tez kəskinləşən allergiyanın isə müalicəsi çətin olur”.
Bayram süfrəsində yağlı yeməklərin bol olduğunu vurğulayan pediatr valideynləri bu məsələdə də diqqətli olmağa çağırıb:
“Bayramda ən çox plov, dolma kimi yağlı yeməklər hazırlanır. Onlar süfrəmizin ən ləzzətli təamlarıdır. Lakin uşaqlarda mədə-bağırsaq problemi varsa, valideynlər bu məsələdə də diqqətli olmalı, az yağlı, yüngül qidalara üstünlük verməlidirlər.
Bayramda uşaqların səhhətində problem yaradacaq daha bir təhlükə isə bayram qutularıdır. Düzdür, uşaqlar üçün bayram qutuları maraqlı olur. Valideynlər də bir çox hallarda buna “yox” demirlər. Bayram qutusu seçərkən həm məhsulların istifadə müddətinin bitmədiyinə, həm də saxlanma şəraitinə düzgün əməl olunub-olunmadığına diqqət etmək lazımdır”.