Şeffild Universitetinin britaniyalı alimləri dünyada milyonlarla insanın tərkibində yüksək miqdarda arsen olan toksik su içdiyini müəyyən ediblər.
Trend xəbər verir ki, bununla bağlı müvafiq tədqiqat nəticələri "Science of The Total Environment" (STTE) elmi jurnalında dərc olunub.
Aparılan təhlillərə əsasən məlum olub ki, dünyanın bir çox ölkələri hələ də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) suda yolverilən maksimum arsen konsentrasiyasının bir litr su üçün 50 mikroqram olaraq müəyyən edildiyi köhnə tövsiyələrindən istifadə edir.
Bu ölkələr arasında Çin, Banqladeş, Pakistan, Kamboca, Tailand, Myanma və Nepalın adı çəkilir ki, bu ölkələrin əhalisi də dünya əhalisinin 32 faizini təşkil edir.
Qeyd edək ki, el arasında "siçan zəhəri" olaraq bilinən arsen maddəsinin içməli suda, qida qəbulunda və ya əkinin suvarılmasında uzunmüddətli təsiri insan bədəninin bütün orqanlarına təsir etməklə bir sıra sağlamlıq problemlərinə, o cümlədən xərçəng, diabet, ağciyər və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.