Professor: Biz də tibdə nəhayət ki, Qərb modelinə keçid etməliyik

Dünyanın heç bir yerində belə qanun yoxdur

“Həkim yanlış müalicə üsulu seçibsə, yanlış əməliyyat həyata keçirilibsə, pasiyentə təzminat ödənməli, həkim isə cəzalanmalıdır”


  Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov həkimlər, tibb işçiləri və pasiyentlərin hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlandığını bildirib. Millət vəkili qeyd edib ki, parlamentin növbəti sessiyasında bu qanun layihəsi müzakirəyə çıxarılacaq. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bu fikirdədir ki, belə bir qanunun qəbuluna ehtiyac yoxdur. A.Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dünyanın heç bir yerində belə qanun yoxdur: “dünya praktikasında “Həkim etikası kodeksi” adlanan və qəbul olunmuş davranışlar toplusu var və həkimlərin də, pasiyentlərin də hüquqları orada təsbit edilib. Bundan əvvəl də “Pasiyentin hüquqları haqqında” qanun layihəsi müzakirə edilirdi. Hesab edirəm ki, bunların heç birinə ehtiyac yoxdur. “Həkim etikası kodeksi” qəbul olunarsa, yetərlidir”. 
  A.Qeybulla bildirdi ki, pasiyentin həkimdən narazı qalması halları təkcə bizim ölkədə deyil, dünyanın hər yerində, tibbin yüksək inkişaf etdiyi ölkələrdə də baş verir:
 
- Hüquq sistemi mükəmməl olduqda pasiyentin də hüquqları ədalətlə müdafiə olunur, həkimin də. Tibb müəssisəsində aparılan müayinələr, müalicələr, əməliyyatlar dəqiq şəkildə protokollaşdırılmalıdır.  Hər hansı narazılıq, həkimin müalicəsi, apardığı əməliyyatla bağlı hər hansı şübhələr yarandıqda da bu, tərtib edilmiş protokola əsasən müəyyən edilir. Protokol yoxdursa, həkimi mühakimə etmək, doğrunu, yanlışı ayırd etmək çətindir və hətta mümkünsüzdür. Pasiyentin narazılığı da tərtib edilmiş rəsmi sənədlər əsasında müəyyənləşməlidir. Tibbi komissiya yoxlamalıdır bunları. Pasiyent müalicədən narazı qala bilər, amma yekun rəy tibbi komissiyaya məxsus olmalıdır. Biz də tibdə nəhayət ki, Qərb modelinə keçid etməliyik. Həkim yanlış müalicə üsulu seçibsə, yanlış əməliyyat həyata keçirilibsə, pasiyentə təzminat ödənməli, həkim isə cəzalanmalıdır. Məsələnin kökü tibbi protokolların düzgün tərtibatındadır. Əgər protokol düzgün tərtib edilmirsə, yanlışın kimə məxsus olduğunu müəyyənləşdirmək də mümkün olmur. Həkim pasiyenti, pasiyent həkimi günahlandırır. Zərərçəkənsə ümumilikdə səhiyyə olur. Hesab edirəm ki, biz həkimlərin ixtisaslaşmasına, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, pasiyentlərin icbari tibbi sığortadan maksimum istifadəsi üçün şəraitin getdikcə genişlənməsinə diqqət ayırmalıyıq.