Son vaxtlar uşaqlarda hərarət, səpki, boğaz ağrısı simptomları yaranıb. Bununla bağlı həkimə müraciət edənlərin sayında artım müşahidə olunur. Bəs görəsən, azyaşlılar arasında yayılan yeni virusun səbəbi nədir? Valideynlər bunun qarşısını almaq üçün nə etməlidir?
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən pediatr Vaqif Qarayev diqqətə çatdırıb ki, bu virus deyil, bakteriyadır:
"Buna streptokokk infeksiyası deyilir. Belə ki, xəstəlik törədiciləri müxtəlifdir. Məsələn, viruslar, bakteriyalar, göbələklər və s. Azyaşlılarda bu bakteriya çox sıx olmasa da ara-sıra müşahidə edilir. "Skarlatina" adlı xəstəlik də streptokok tərəfindən törədilib. Bu xəstəliyə mikrobla çirklənmiş əşyalara toxunduqda yoluxulur. Əsas əlamətləri isə qızdırma, boğaz anginasıdır. Bu zaman boğaz elə bil yanır, parlaq qızartı görünür. Dilin üzəri moruğa bənziyir. Uşağın üzündə də qırmızı fonda səpkilər baş verir. Amma ağız ətrafı ağ rəngdə olur. Skarlatina müalicə oluna və idarə edilə bilən xəstəlikdir. Antibiotikin qəbulu mütləqdir. Ancaq vaxtında müdaxilə olunmasa, ürəyə, böyrəyə ciddi fəsad verə bilər. Streptokokk infeksiyasında skarlatin əlamatləri olmur. Ancaq bu zaman da xəstələr antibiotik içməlidirlər. Valideynlərin diqqətinə çatdırmaq lazımdır ki, özünü müalicə ilə məşğul olmasınlar. Sadalanan simptomlarla üzləşdikdə uşaqlarını həkimə aparsınlar".