Çində insan metapnevmovirusu yayılıb.
"Report" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi dekabrın 23-dən 29-dək aparılan tənəffüs nümunələrinin analizlərinin nəticələrinə istinadən məlumat yayıb. Bu xəstəlik insanlarda kəskin respirator virus infeksiyasına səbəb olur. Metapnevmovirus əsasən, 14 yaşa qədər insanlara təsir göstərir. Metapnevmovirus bütün Çində aktiv şəkildə yayılır. Həmçinin, son bir ayda aparılan təhlillərə əsasən, insanlar paraqrip, koronavirus, bokavirus və müxtəlif tənəffüs yolları xəstəliklərinə yoluxurlar.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, biz hələ covid infeksiyasından tam qurtula bilməmişik:
“Düzdür, pandemiya bitsə də, epidemiyalar davam edir və bunlar özünü müxtəlif formalarda göstərir. Yəni hazırda situasiya çox qarışıqdır. Rotavirusların, enterovirusların, adenovirusların, neovirusların, inflenzanın tüğyan elədiyi bir dövrdə yaşayırıq. Ayrı-ayrı virusların fəallaşması da əslində insan çoxluğuna bağlıdır. Bu viruslar insanlarda daha çox yaşam yeri tapır. RNT nüvəsində RNT olan virusları daha çox mutasiyaya məruz qalaraq dəyişir, yeni xassə əldə edərək yeni viruslar yaranır. Bütün respirator infeksiyalar epidemiya və pandemiyaya meyillidir. Çünki onlar sürətlə yayılırlar. Qanla keçən infeksiyalar da adətən bu tendensiya və təmayül yoxdur. Hesab edirəm ki, mövcud təhlükələri önləmək üçün ən azı müəyyən tədbirlər görməliyik. Məsələn, istər transsərhəd keçid zonalarında, istərsə də əhalinin maarifləndirilməsi istiqamətində addımlar atılmalıdır. Covid təcrübəsi göstərir ki, maarifləndirmə çox mühümdür və burada insanlar daha çox əks təbliğata uyur və bəzən də bunun altında yaşayırlar. Bu gün Azərbaycanda "COVİD"in bu cür davam etməsi həm də vaksinə olan münasibətə bağlıdır.