Xaricdə ucuz göz qapağı əməliyyatı keçirən və sonradan ciddi fəsadlarla üzləşən xəstələrin sayı artır.
Sherg.az xəbər verir ki, BBC-nin araşdırmasına görə, bəzi xəstələr əməliyyatdan sonra gözlərini tam bağlaya bilməyib, yaraları açılıb və infeksiyalar yaranıb. Bəzi hallarda isə görmə qabiliyyətinin itirilməsi riski ilə üzləşiblər.
Mütəxəssislər göz qapağından həddindən artıq dəri götürülməsinin təhlükəli olduğunu bildirirlər. Belə əməliyyatlardan sonra yara izləri, gözlərdə asimmetriya və yaraların yenidən açılması kimi fəsadlar da müşahidə olunur.
Araşdırmada adı çəkilən xəstələrdən biri 750 avroya əməliyyat olunduğunu, sonradan isə şiddətli ağrı və qanaxma yaşadığını bildirib. Digər xəstələr isə əməliyyatdan sonra təcili tibbi yardıma müraciət etmək məcburiyyətində qalıblar.
Həkimlər ucuz qiymətə görə xaricdə estetik əməliyyat etdirməzdən əvvəl mümkün risklərin və əməliyyatdan sonrakı tibbi nəzarətin diqqətlə araşdırılmasını tövsiyə edirlər.