Almaniyada heyvan sağlamlığı üzrə aparıcı qurum olan Fridrix Löffler İnstitutu (FLI) ölkənin cənubundakı fermalarda naməlum virusun yayıldığını bəyan edib.
Teleqraf xəbər verir ki, institut Baden-Vürtemberq əyalətindəki fermalardan götürülmüş nümunələrdə mal-qara arasında qızdırma və ishal törədən naməlum bir virusun süd istehsalının azalmasına səbəb olduğunu bildirib.
Ağcaqanadlar tərəfindən ötürülən virusun 2011-ci ildə Almaniyada yayılmış Şmallenberq virusunu da əhatə edən bir qrupa aid olduğu ehtimal edilir.
Yeni virus insanlar üçün yoluxma riski yaratmır, amma onun müşahidə altında saxlanması zəruridir.
Xəstəlik halları ilk dəfə İsveçrədə və Fransada aşkar edilib. Almaniyada isə 2011-ci ildə epidemiyaya gətirib çıxarıb.
Almaniya-Hollandiya sərhədində Şmallenberq şəhərinin adını daşıyan virus 2011-ci ilin avqust və sentyabr aylarında süd verən inəklərdə hipertermiya, süd məhsuldarlığının azalması və sulu ishal kimi klinik əlamətlərlə xarakterizə olunan epidemiyaya çevrilib.