Bazarda üzüm, gavalı, göyəm və bəzi alma növlərinin üzərində görünən ağmtıl, mat təbəqə çoxlarının düşündüyü kimi pestisid və ya kir deyil. Mütəxəssislərin sözlərinə görə, bu, meyvənin özünün yaratdığı təbii qoruyucu qatdır.
Sherg.az xəbər verir ki, "Pruin" və ya elmi adı ilə epikutikulyar mum adlanan bu təbəqə meyvənin inkişafı zamanı əmələ gəlir. O, meyvənin su itirməsinin qarşısını alır, təravətini daha uzun müddət saxlayır, göbələk və digər mikroorqanizmlərin inkişafını çətinləşdirir, həmçinin ultrabənövşəyi şüalardan qoruyur.
Mütəxəssislər bildirirlər ki, təbii qoruyucu qat nazik və meyvənin səthinə bərabər yayılmış olur. Əgər ağ təbəqə pambıqvari, tüklü və ya ləkələr şəklindədirsə, bu, kif əlaməti ola bilər. Yumşalmış və xoşagəlməz qoxu verən meyvələr isə istehlak edilməməlidir.
Ekspertlər meyvələrin alındıqdan dərhal sonra yuyulmamasını tövsiyə edirlər. Çünki su bu təbii qoruyucu təbəqəni aradan qaldırır və nəticədə meyvə soyuducuda daha tez yumşalaraq xarab olur. Buna görə meyvələri yalnız istifadə etməzdən əvvəl yumaq və saxlanma müddətində quru vəziyyətdə saxlamaq məsləhət görülür.