Canan Karatay: Botoks sağlam həyatın əvəzi deyil, yod vacib mineraldır

Türkiyəli kardioloq Canan Karatay sağlam həyat tərzinin əsasının təbii qidalanma olduğunu bildirib və estetik müdaxilələrin sağlam yaşamı əvəz etmədiyini vurğulayıb.

Sherg.az xəbər verir ki, Karatayın sözlərinə görə, emal olunmuş qidaların və kimyəvi əlavələrin artması insan sağlamlığına mənfi təsir göstərir. O hesab edir ki, sağlam həyatın əsası vitamin qəbulundan daha çox keyfiyyətli və təbii qidalanmadan keçir.

Professor çıxışında xüsusilə yodun əhəmiyyətinə diqqət çəkərək bildirib ki, bu mineral təkcə qalxanabənzər vəz üçün deyil, bütün orqanizm üçün vacibdir və hər bir hüceyrənin ona ehtiyacı var.

Mütəxəssislər də qeyd edirlər ki, yod çatışmazlığı əsasən qalxanabənzər vəzin fəaliyyətinə təsir göstərir, zob, hormonal pozğunluqlar, halsızlıq, üşümə, çəki artımı və diqqət dağınıqlığına səbəb ola bilər. Hamiləlik dövründə isə kifayət qədər yod qəbulu dölün beyin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Yoda olan ehtiyacın qarşılanması üçün yodlaşdırılmış xörək duzu, dəniz məhsulları, süd və süd məhsulları, həmçinin yumurta əsas mənbələr hesab olunur. Həkimlər isə yüksək dozada yod əlavələrinin yalnız tibbi göstəriş əsasında qəbul edilməsini tövsiyə edirlər.

Canan Karatay həmçinin bildirib ki, botoks və digər estetik əməliyyatlar orqanizmdə toplanan zərərli maddələri aradan qaldırmır və sağlam həyat tərzini əvəz edə bilməz.