Çay və qəhvə kimi içkilərin çox isti halda mütəmadi qəbul edilməsi qida borusu xərçəngi riskini əhəmiyyətli dərəcədə artıra bilər. Alimlər içkiləri qəbul etməzdən əvvəl onların bir qədər soyumasını tövsiyə edirlər.
Sherg.az xəbər verir ki, İngiltərədə aparılan və təxminən 1 milyon insanın iştirak etdiyi araşdırmada çox isti içkilərlə qida borusu xərçəngi arasında əlaqə müəyyənləşdirilib. Tədqiqatçılar bununla bağlı araşdırmanın bu günədək aparılmış ən genişmiqyaslı çalışmalardan biri olduğunu bildiriblər.
Oxford Universitetinin alimlərinin apardığı araşdırmada 977 282 orta yaşlı kişi və qadının məlumatları təhlil edilib. Nəticələrə görə, içkilərini “çox isti” qəbul edən şəxslərin qida borusu xərçənginə tutulma riski ilıq çay və ya qəhvə içənlərlə müqayisədə təxminən 3 dəfə yüksəkdir.
Araşdırmada 65 dərəcə Selsi və daha yüksək temperaturda olan içkilər “çox isti” hesab edilib. Alimlərin fikrincə, yüksək temperaturda olan mayelər mədəyə doğru hərəkət edərkən qida borusunun daxili səthindəki hüceyrələrə zərər verə bilər. Bu da uzun müddət ərzində xərçəng riskinin artmasına səbəb ola bilər.
Araşdırmanın digər nəticəsinə görə, gündə 6 və ya daha çox isti içki qəbul edən insanlarda da risk yüksəlir. İçkiyə süd əlavə edilməsinin temperaturu müəyyən qədər aşağı sala biləcəyi qeyd olunsa da, süd qatılmış çay və ya qəhvənin də çox isti olması mümkündür.
Mütəxəssislər içkinin hazırlanmasından dərhal sonra qəbul edilməməsini, daha təhlükəsiz temperaturadək bir neçə dəqiqə gözlənilməsini məsləhət görürlər.
Araşdırmanın aparıcı müəllifi doktor Keren Papier bildirib ki, Cənubi Amerikada çox isti bitki çayı olan mate ilə bağlı əvvəlki tədqiqatlar da isti içkilərlə qida borusu xərçəngi arasında oxşar əlaqə göstərib. Bununla belə, riskin hansı temperaturdan etibarən əhəmiyyətli dərəcədə artdığını dəqiq müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğu vurğulanıb.
Ümumi risk yenə də aşağıdır
Alimlər çox isti içkilərdən imtina edilməsi halında hər 10 qida borusu xərçəngi hadisəsindən 1-2-nin qarşısının alına biləcəyini hesablayırlar. Bununla belə, mütəxəssislər bildirirlər ki, qida borusu xərçəngi ümumilikdə nadir xəstəlikdir və çox isti içkilər qəbul edən şəxslərdə belə xəstəliyə tutulma ehtimalı aşağı olaraq qalır.
Qida borusu xərçənginin yaranma riskini artıran digər amillər də mövcuddur. Xüsusilə siqaret çəkmək və spirtli içki qəbul etmək əsas risk faktorları arasında göstərilir.
Mütəxəssislər qida borusu xərçənginin mümkün əlamətləri arasında ürək yanması, həzmsizlik, boğazda və ya döş qəfəsində ağrı, həmçinin səbəbsiz çəki itkisini qeyd edirlər.