Rusiyalı alim Aleksandr Sergeyev bildirib ki, insan ömrü 120 ilədək uzanacaq.
Onun sözlərinə görə, bunun əsası - erkən diaqnostika və daimi sağlamlıq monitorinqi olan “İnsanın rəqəmsal sağlamlıq profili” layihəsidir. Layihə biomedikal və rəqəmsal texnologiyalardan istifadə etməklə, bədənin vəziyyətini davamlı izləməyi, xəstəliklər formalaşmadan aşkar etməyi və onların inkişafını gecikdirməyi hədəfləyir.
Sergeyev vurğulayıb ki, xəstəliklər birdən-birə yaranmır -uzun müddət ərzində bədən dəyişir; bu dəyişiklikləri vaxtında görmək, lazımi tədbirləri görmək sayəsində xəstəlikləri təxirə sala və ya yüngülləşdirilə bilər.
Mütəxəssisin sözlərinə görə, 20-ci əsrdə orta ömür təxminən iki dəfə artıb - təxminən 40 ildən 70–80 ilə. İndi isə elm, biologiya və texnologiyanın birgə inkişafı sayəsində 120 il ömür yeni hədəfdir.
Eyni zamanda, bu yanaşma yalnız fiziki deyil, “məntiqi dolğunluq” - yəni yaşla birlikdə zehni sağlamlıq və ruhi funksiyaların qorunmasını da nəzərdə tutur. Bu, uzun ömrün keyfiyyətli olmasını təmin etmək baxımından vacib hesab edilir.
Mövzuyla bağlı Sherg.az-a danışan professor Adil Qeybulla bildirib ki, elmin və texnologiyanın inkişafı tibdə tamamilə yeni imkanlar açır. Onun sözlərinə görə, müasir diaqnostika üsulları, xüsusilə də molekulyar biologiya və gen mühəndisliyi sahəsində əldə olunan nailiyyətlər bir çox xəstəliklərin - o cümlədən şişlərin, autoimmun pozuntuların, ürək-damar problemlərinin erkən mərhələdə aşkar edilməsinə şərait yaradır:
“Bu xəstəliklərin siqnallarını, markerlərini və risk faktorlarını əvvəlcədən müəyyənləşdirmək artıq mümkündür. Bu da profilaktik tibbin güclənməsinə, xəstəliklərin qarşısının vaxtında alınmasına və proseslərin ağırlaşmadan idarə edilməsinə geniş imkan verir. Yəni təkcə tibbi müdaxilələr deyil, eyni zamanda sağlam həyat tərzinin təşviqi, fiziki aktivlik, düzgün qidalanma və stresin idarə olunması kimi amillər insan ömrünün uzadılmasına mühüm təsir göstərir.
Gen mühəndisliyi və biotexnologiya sahəsində sürətli irəliləyişlər gələcəkdə insanın bioloji yaşlanma prosesinin daha dərindən öyrənilməsinə və müəyyən dərəcədə idarə olunmasına imkan verə bilər. Bu baxımdan ömrün uzadılması istiqamətində verilən proqnozlar tamamilə elmi əsaslara söykənir”.
Lakin A.Qeybulla bir mühüm məqama da diqqət çəkib ki, müasir dünyanın sosial və ekoloji problemləri bu optimist yanaşmanı zəiflədən faktorlardır: “Əhalinin sürətlə artması, qidalanma vərdişlərinin dəyişməsi, süni və emal olunmuş qidaların geniş yayılması, insanların fiziki aktivliyinin azalması, zərərli vərdişlərin çoxalması ümumi sağlamlıq səviyyəsini aşağı salır. Bununla yanaşı, atmosferin çirklənməsi, içməli su ehtiyatlarının azalması və ekoloji risklərin artması insan orqanizminə əlavə yük yaradır. Məhz bu səbəbdən, elm ömrün uzadılması üçün böyük imkanlar açsa da, real nəticələrin əldə olunması yalnız texnoloji tərəqqidən deyil, həm də cəmiyyətin sağlam həyat tərzi, ətraf mühitin qorunması və qlobal sağlamlıq siyasətləri sahəsində atacağı addımlardan asılı olacaq".
A.Qeybullanın fikrincə, elmi proqnozlar ümidvericidir, lakin onların tam reallaşması üçün həm fərdi, həm də ictimai səviyyədə kompleks yanaşma tələb olunur.