Pediatr: Dəniz kənarında və ya çöldə kremlər əvəzinə kölgəliklərdən istifadə edilməlidir

Yay aylarında valideynləri düşündürən əsas məsələlərdən biri də günəşli havalarda uşaqların dəri qulluğudur. Xüsusilə SPF tərkibli günəşdən qoruyucu kremlərin istifadəsi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.

Pediatr Aytən İsmayılova Sherg.az-a bildirib ki, günəşli havalarda uşaqlar üçün SPF tərkibli kremlərdən istifadə olunması məqsədəuyğun deyil. Həkimin sözlərinə görə, bu vasitələr uşaq orqanizmi üçün gözlənilən xeyirdən çox zərər verə bilər:



"Əgər biz SPF tərkibli maddələrdən istifadə etsək, bu vasitələr ultrabənövşəyi şüaların dəriyə keçməsinə mane olacaq. Nəticədə uşaq orqanizmində D vitamini sintezi dayanacaq və yay günlərində uşaqlar bu vacib vitamini ala bilməyəcəklər."

Pediatr qeyd edib ki, SPF kremləri həm də əlavə toksik maddə mənbəyidir:

"D vitamininin normada yaranması üçün uşaqların səhər və axşam saatlarında günəş şüaları ilə birbaşa təmasda olması kifayətdir. D vitamininin yaranması üçün günəş şüalarının dəriyə 15–20 dəqiqə təması tam kifayət edir. Səhər və axşamüstü saatları günəş vanası üçün en əlverişli vaxt hesab olunur. Günün pik, qızmar saatlarında uşaqların dərisində yanıqların və zədələnmələrin qarşısını almaq üçün günəşə çıxarılmaması tövsiyə olunur. Əgər uşağın həmin saatlarda çöldə olması vacibdirsə, baş örtüklərindən istifadə olunmalı, nazik, uzunqol geyimlərə üstünlük verilməlidir". 

 Pediatr hesab edir ki, dəniz kənarında və ya çöldə olarkən kremlər əvəzinə kölgəliklərdən istifadə edilməlidir.