Qara çörəklərə müxtəlif kimyəvi maddələr qatılır -RƏY

Ən sağlam çörək evdədir, mağaza çörəklərində gizlədilən təhlükələr açıqlandı

 

Ağa Salamov: “Ağ undan hazırlanan çörək insanı xəstəliyə sürükləyir!”

 

Şəkərli diabet, insult, ürək çatışmazlığı, damar sərtliyi kimi xəstəliklər və əlbəttə ki, artıq çəki problemi, piylənmə insanları keyfiyyətli qidalanmaya sövq edir. Həkimlər, xüsusən də dietoloqlar sağlamlıq naminə unlu məmulatlardan, ağ undan hazırlanan bişintilərdən və çörəkdən uzaq durmağı israrla tövsiyə edir. Amma problem burasındadır ki, satışda nə tam taxıllı çörək tapmaq olur, nə də qara undan, çovdar unundan bişirilmiş çörək. Paketlərin üzərinə “çovdar çörəyi” yazılsa da, çörək bişirənlər nisbətən tünd rəngdə olan çörəyi “qara undan hazırlanıb” deyə təklif etsələr də, bunun həqiqət olması sual altındadır. Tam taxıl çörəyi və ya tam buğda çörəyi, tam və ya demək olar ki, tam buğda dənələrindən qismən və ya tamamilə üyüdülmüş undan hazırlanmış çörək növüdür. Lakin hardadır tam buğda dənələrindən üyüdülmüş un və ya tam taxıl çörəyi? Satışda heç II növ un da yoxdur. Hamısı əla növdür. Yəni tərkibindən lifləri çıxarılmış, emala məruz qalmış un. Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında çovdar çörəyi adıyla satılan çörəklərin heç də çovdar unundan hazırlanmadığını deyib: "Təmiz çovdar unundan hazırlanan çörəklər tərkibinin zənginliyinə, rənginə, dadına, çəkisinə və qiymətinə görə digər çörəklərdən fərqlənməlidir. Bəzən alıcılar marketlərdə satılan qara çörəkləri çovdar unundan hazırlanmış çörəklə qarışdırırlar. Ancaq bu, belə deyil. O çörəklər bir çox halda çovdar unundan yox, buğda unundan, rəngləndiricilərdən, dadlandırıcılardan, qida qatqı maddələrindən istifadə olunaraq hazırlanır". Mütəxəssis bildirib ki, çovdar unundan hazırlanan çörək alanda etiketə baxmaq lazımdır: “Üzərində mütləq "100 faiz çovdar unundan" yazılması mütləqdir. Əgər üzərində "çovdar unundan hazırlanıb", ancaq tərkibində isə buğda, rəngləndiricilərin adı yazılıbsa, bu, təmiz çovdar çörəyi deyil". Ekspert deyir ki, çovdar çörəyinin çəkisi daha ağır olur: "Çovdar unundan hazırlanan çörəklərin rəngi daha çox qəhvəyi, tünd qəhvəyi olur. Bəzən fərqli tonda ola bilər. Bu, unun üyüdülməsi, bişmə şəklindəndir. Çovdar çörəyinin ölçüsü kiçik olsa da, daha ağır olur. Çünki tərkibində nəmlilik dərəcəsi yüksək olur və buğda çörəyindəki kimi məsamələr, boş hissələr olmur. Həmçinin, elastiklik olmadığına görə kəsilməyə daha meyilli olur, daha çətin çeynənir. Bunlar çovdar unundan hazırlanan çörəyin əlamətləridir. Dadı isə turşdur, torpaq dadını xatırladır. Çovdarın özünəməxsus qoxusu var. Qiyməti də digər çörəklərdən fərqlidir.

Qida üzrə mütəxəssis Ağa Salamov Sherg.az-a açıqlamasında qeyd etdi ki, çörəyin bişirilməsində texnoloji şərtlərə əməl olunmur:

- Xəmir düzgün hazırlanmır. Xəmirə suyu həddən çox əlavə edirlər, normadan artıq yoğrulur, nisbi rütubət nəzərə alınmır. Zavodlar, çörək sexləri bunları nəzərə almalıdır. Bəzi zavodlar mayadan az istifadə etdiklərini reklam edirlər. Əgər mayadan az istifadə olunursa, səhər xəmirə əlavə etmək üçün acımış xəmir saxlanmalıdır. Bunu etməyəndə çörək yapışqanlı olur. Çörəyin fermentasiya - acıtma müddəti uzun olmalıdır. Bəzən zavodlar bu prosesi etmirlər. Acıtma müddətinin az olması da çörəyin “rezin” kimi dartınmasına gətirib çıxarır. Ən sağlam çörək evdə bişirilən tam buğda unundan olan çörəkdir. Çünki bu çörək bağırsaqlar tərəfindən mənimsənilir, serotonin hormonunun ifraz olunmasına səbəb olur. Hansı ki tərkibində rüşeymi var. Vitamin və mineralları qalıb. Əla növ undan hazırlanan çörəklər boş karbohidratlardır və insana heç bir faydası yoxdur. Bu çörəklərin hazırlandığı unda faydalı elementlər yoxdur. Belə çörəkləri nəinki dişləmək, heç həzm etmək də olmur. Qaraciyər piylənməsi, mədənin yüklənməsi baş verir. Nəticədə qan-damar sistemi sıradan çıxır. Sonra da fikirləşirik ki, infarktların sayı niyə çoxalıb? Pəhriz çörəyi kimi təqdim olunan çörəklərin tərkibinə müxtəlif kimyəvi maddələr qatılır. Əslində, qara çörəyin tərkibi çovdar unu, ikinci növ qara un, maya, duz və ədviyyatdan ibarət olmalıdır. Lakin bu çörəyin rəngini qaraltmaq üçün süni kimyəvi maddələrdən istifadə olunur. Bu maddələrdən biri də "E-240 formaldehid" maddəsidir. Bu maddədən cəsədlərin uzun müddət saxlanması üçün istifadə edilir. Belə kimyəvi tərkibli çörəklər 1 gün qaldıqda içərisi yapışqanlı olur və pis iy verir. Çörəyin rəngini tündləşdirmək üçün ağ unun tərkibinə müxtəlif liflərdən alınmış boyalar, kakao və dəmlənmiş çay da qatılır. Uzun müddət bu cür məhsuldan istifadə edildikdə mədə-bağırsaq sistemində ciddi fəsadlar yaranır.