Ətin sərt və yararsız olmaması üçün ekspert 24-48 saat qaydasını açıqladı
Qurban bayramının yaxınlaşmasıyla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətlərinin təşkil olunacağını bildirib. 
AQTA-nın məlumatında qeyd edilir ki, bu ünvanlardan 76-da həm kəsim, həm satış, 27-də qurbanlıq heyvanların yalnız satışı, 31-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda agentliklə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Sherg.az”a açıqlamasında qurbanlıq heyvanların kəsimi və ətlərin saxlanma qaydası ilə bağlı məsləhətlər verdi: 
- Qurban bayramında ət kəsimi və saxlanılması ilə bağlı sanitar-gigiyenik qaydalara ciddi riayət edilməsi ən vacib məsələdir. Ətin keyfiyyətini qorumaq üçün kəsimdən dərhal sonra soyuducuya qoyulmamalı, 24-48 saat müddətində +4°C temperaturda "dinləndirilməli”dir. Yalnız bundan sonra dondurucuya yerləşdirilməsi məsləhətdir. Tövsiyə edirəm ki, qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış, sanitar-gigiyenik tələblərə cavab verən məkanlarda kəsilsin, vətəndaşlarımız da bu yerlərdən qurbanlıq heyvan və ya ət alsınlar. Xüsusən iribuynuzlu heyvanlar kəsimdən sonra dərhal soyuducuya qoyulmamalıdır. Ət +4°C temperaturda 24-48 saat ərzində dinləndirilməlidir, əks halda ət sərt qalar və tez xarab olar. Yaxşı olar ki, ət kiçik hissələrə bölünsün, paketlənsin və dondurucuya yerləşdirilsin. Kəsim zamanı təmizliyə riayət edilməlidir, ətin torpaq və ya çirkli səthlərlə təmasının qarşısı alınmalıdır ki bioloji çirklənmə baş verməsin. Qurbanlıq heyvanın əti evə gətirlərkən də təmizliyə riayət edilməli, ət çirli səthlər üzərinə qoyulmamalı, günəş şüası altında uzun müddət saxlanmamalıdır. Nəzərə alaq ki, havalar isti keçir, ət tez xarab ola bilər.