Restoran və kafelərdə siqaret çəkilməsi ilə bağlı yeni qaydalar hazırlanır

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) restoran və kafelərdə siqaret çəkilməsi ilə bağlı yeni tənzimləmələri əhatə edən qanun layihəsi üzərində işləyir.

Sherg.az xəbər verir ki, 20-25 maddədən ibarət olması nəzərdə tutulan layihənin ən geci gələn ildən sonra parlamentə təqdim edilməsi gözlənilir.

Təklifə əsasən, restoran və kafelərin açıq əraziləri siqaret çəkilən və çəkilməyən hissələrə bölünəcək. Müəssisənin imkanlarından asılı olaraq, siqaret çəkilən ayrıca sahə ayrılacaq və həmin hissədə yemək-içmək xidməti göstərilməyəcək. Bu bölgünü təşkil edə bilməyən müəssisələrdə isə yemək yeyilən sahələrdə siqaret çəkilməsinə icazə verilməməsi nəzərdə tutulur.

Yeni qaydalar çərçivəsində siqaret istifadəsi ilə bağlı tələblərin pozulmasına görə cərimələrə nəzarət gücləndiriləcək. Siqaret satışı zamanı alıcının şəxsiyyət vəsiqəsinin yoxlanılması qaydasına da daha ciddi əməl olunması təmin ediləcək.

Bundan başqa, xəstəxanaların həyətləri və təcili yardım girişləri, eləcə də məktəblərin və uşaqların istifadə etdiyi idman obyektlərinin ətrafında siqaret çəkilməsinə məsafə məhdudiyyətlərinin tətbiqi planlaşdırılır. Qadağanın hansı məsafəni əhatə edəcəyi ilə bağlı müzakirələr davam edir.

Məlumata görə, qanun layihəsində müəyyən tarixdən sonra doğulan şəxslərə siqaret çəkməyi qadağan edən müddəa nəzərdə tutulmayıb.

Qeyd edək ki, bunlar hələ hazırlanmaqda olan qanun layihəsinin təklifləridir; qaydalar təsdiqlənərək qüvvəyə minməyib.