Şəkər xəstələri üçün sistem çökmək üzrədir - Professordan AÇIQLAMA

Adil Qeybulla regional endokrinoloji mərkəzlərin yaradılmasını çağırış etdi

 "Xəstələrin müayinəsini rayonar üzrə paylamaq olar. Poliklinikalarda endokrinoloqlar əyləşsin, protokol üzrə xəstələri müayinə etsinlər, az xərclə bunu etmək mümkündür"

Şəkərli diabet xəstələri insulin iynəsi almaqdan ötrü hər ay qan analizi verməlidirmi? Sosial şəbəkə istifadəçisi Gülağa Aslanlı şəkər xəstələrinin insulin iynəsini yalnız hər ay qan analizi verdikdən sonra ala biləcəklərini yazıb:

“TƏBİB-in yeni rəhbərliyinin verdiyi Əmrə görə şəkərli diabet xəstələri insulin iynəsi almaqdan ötəri hər ay qan analizi verməlidir. Bunun nəyə görə lazım olduğunu məntiqlə izah edə bilən isə yoxdur. Aydındır ki, bu qərarın xəstələrin sağalmasına heç bir müsbət təsiri yoxdur. Əksinə xəstələrin əsəblərinin pozulmasına təsiri var. Bu korrupsiyaya yol açan növbəti haldır. Analizlərin cavabları isə hamıda şübhə doğurur. Bəlkə TƏBİB-in və ya Səhiyyə Nazirliyinin rəhbərlərindən biri bu məsələyə aydınlıq gətirsin?".

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, beynəlxalq protokol qaydaları var və ona uyğun hərəkət edilməlidir: 

- Şəkərli diabet stabildirsə və həkim xəstəyə konkret dərman təyin edibsə, 3 aydan bir ortalama şəkər yoxlanmalıdır. Yəni qlükohemoqlobinin səviyyəsi. Qlükohemoqlobin qanda şəkərin (qlükozanın) eritrositlərin tərkibindəki hemoqlobinlə birləşməsi nəticəsində yaranan qlikozilləşmiş hemoqlobin formasıdır. Bu test son 2-3 ay ərzində qanda şəkərin orta səviyyəsini göstərir və şəkərli diabetin diaqnozu, həmçinin uzunmüddətli monitorinqi, nəzarəti üçün "qızıl standart" hesab olunur. Buna əsasən bilmək olur şəkər stabil qalıb, ya yox. Və analizin nəticəsinə əsasən dərmanı da korrektə etmək mümkündür. Hər ay analiz verilməsi o xəstələrdən tələb olunmalıdır, hansında ki şəkər stabil deyil, tənzimləmək çətin olur, hətta ayda bir neçə dəfə də analiz vermək zərurəti də yarana bilər. Amma bu analizlər ödənisşsiz, icbari tibbi sığorta hesabına olmalıdır. Ümumiyyətlə, xəstələrin İTS ilə növbəlilik sistemini qaydaya salmaq lazımdır. Bir dispanserdə bu həyata keçirilə bilməz. Çətindir. Çalışmaq lazımdır ki, regional filiallar olsun, endiokrinoloqlar ora təyin edilsin, xəstələr qeydə alınsın, yoxlansın, nəzarətə götürülsün. Həkimin vəzifəsi təkcə insulin vermək deyil. Bu xəstələrdə diabetin ağırlaşmalarının olması, diabetik nefropatiya, mümkün ağırlşamaların olub-olmamasını müəyyən etmək lazımdır. Müalicələr də yazılmalıdır, pəhriz qaydaya salınmalıdır. Şəkərli diabet xərc tələb edən xəstəlikdir, amma vətəndaşın sağlamlıq hüququ var. Dispanserlərdə bu iş düzgün təşkil edilməlidir. Bakıda bir Endokrinoloji Dispanser var, bütün xəstələr ora axışır, böyük növbələr yaranır. Narazılıq yaranır. Xəstələrin müayinəsini rayonar üzrə paylamaq olar. Poliklinikalarda endokrinoloqlar əyləşsin, protokol üzrə xəstələri müayinə etsinlər, az xərclə bunu etmək mümkündür. Sadəcə, bununla məşğul olmaq istəmirlər, bu da haqlı narazılıq yaradır. Müvafiq qurumlar konkret planlar həyata keçirməlidirlər. Xəstələrin məmnun qalması üçün müayinə, müşahidə altında tutulma, dərman və sərfiyyat materiallarıyla təminat elə olmalıdır ki vətəndaş fayda görə bilsin.