Texnologiyanın sürətlə inkişafı həyatı asanlaşdırsa da, həddindən artıq rəqəmsal istifadənin unutqanlıq və diqqət dağınıqlığını artırdığı bildirilir. Mütəxəssislər gənclər arasında artan “rəqəmsal demensiya” riskinə qarşı xəbərdarlıq edirlər.
Sherg.az xəbər verir ki, nevroloq Dr. Büşra Er bildirib ki, son dövrlərdə yalnız yaşlı insanlarda deyil, gənclər arasında da unutqanlıq şikayətlərinin artdığı müşahidə olunur.
Onun sözlərinə görə, əvvəllər daha çox yaşlı insanlarda rast gəlinən unutqanlıq şikayətləri artıq yeniyetməlik dövründə də müşahidə edilir.
“Unutmaq məlumatı xatırlamaqda və ya yadda saxlamaqda yaranan çətinlik kimi müəyyən edilir. Yuxu rejiminin pozulması, düzgün qidalanmama, diqqət çatışmazlığı, depressiya ilə yanaşı, rəqəmsal mediadan istifadə də bu vəziyyəti gücləndirir”, - deyə Dr. Büşra Er bildirib.
Alman neyroloq Manfred Spitzerin irəli sürdüyü “rəqəmsal demensiya” anlayışına toxunan Dr. Er xüsusilə gənclərdə ekran qarşısında keçirilən vaxtın artmasının diqqət və yaddaş funksiyalarına mənfi təsir göstərə biləcəyini vurğulayıb.
“Davamlı olaraq müxtəlif stimullara məruz qalmaq, məlumatlara asanlıqla çıxış imkanının olması və mavi işığın yuxu hormonlarını zəiflətməsi zehni tənbəlliyə səbəb olur”, - deyə o qeyd edib.
İrəli yaşlarda unutqanlığın ən çox rast gəlinən səbəblərindən biri olan Alzheimer xəstəliyinə də toxunan Dr. Er cəmiyyətdə bu xəstəliklə bağlı geniş yayılmış yanlış təsəvvürə diqqət çəkib.
O bildirib ki, ailədə Alzheimer xəstəsinin olması genetik meyillilik ehtimalını artırsa da, genetik keçid bütün halların 1 faizindən də az hissəsini təşkil edir. Həkim genetik testlərin rutin qaydada tövsiyə edilmədiyini də qeyd edib.
Dr. Büşra Er unutqanlıqla bağlı şikayətlərin qarşısının alına biləcəyini vurğulayaraq rəqəmsal mediadan istifadə müddətinin məhdudlaşdırılmasını, nizamlı yuxunu, sağlam qidalanmanı, kitab oxumağı, krossvord həll etməyi və yaddaş oyunları kimi zehni fəaliyyətlərlə beynin aktiv saxlanılmasını tövsiyə edib.