"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr

  • Aytən İsmayılova: "Qızardılmış qidalar uşaq orqanizminə düşündüyünüzdən daha çox zərər verir"

“Əgər düşünürsünüzsə ki, uşaq nə qədər çox qidalansa, bir o qədər sağlam və güclü olar, bu, doğru yanaşma deyil. Uşaq orqanizmi daim inkişaf etsə də, qəbul etdiyi hər qidanı enerjiyə çevirərək böyüməyə sərf etmək imkanına malik deyil".

Sherg.az xəbər verir ki, bu barədə pediatr Aytən İsmayılova məlumat verib.  

Pediatr valideynlərə uşaqların normadan artıq qidalandırılmasının sağlamlıq üçün faydalı olmadığına dair xəbərdarlıq edib:

“Uşaq nə qədər çox yesə, bir o qədər sağlam və güclü olar" fikri doğru deyil. İnkişaf edən uşaq orqanizminin enerji ehtiyacı artsa da, bu, onun həddindən artıq qidalandırılması demək deyil".

A. İsmayılova qeyd edib ki, hər uşağın orqanizmi fərqlidir və qidalanma zamanı fərdi yanaşma vacibdir. Onun sözlərinə görə, həddindən artıq yemək yalnız piylənmə riskini artırmır, həm də həzm sisteminə əlavə yük yaradır:

"Yeməyi qəbul etmək kifayət deyil. Əsas məsələ onun həzm olunmasıdır. Uşağın mədə-bağırsaq sistemində bunu qarşılayacaq qədər ferment olub-olmadığını nəzərə almaq lazımdır. Əks halda, həzm problemləri yaranır."

Pediatr bildirib ki, ət, yumurta, pendir və qızardılmış qidalar kimi ağır həzm olunan məhsulların emalı üçün orqanizm daha çox enerji sərf edir. Yeməyin miqdarının normadan artıq olması da eyni təsir göstərərək insanda halsızlıq, yorğunluq və passivlik yarada bilər: “Uşaqların tam doyma həddinə qədər qidalandırılması onların fiziki aktivliyinin azalmasına da səbəb ola bilər. Hərəkət böyümə dövründə olan uşaq orqanizmi üçün olduqca vacibdir. Ənənəvi Çin Tibbinə görə enerji kanalları baxımından mədə meridianı dalaq meridianı ilə paraleldir və onun yükü artanda yəni həzm etməli məhsulu çoxalanda enerjini qonşusu dalaq meridianından çəkir. Dalaq meridianı isə boşalanda halsızlıq olur, insan ödəmli olur. Passiv olur, hətta daxilən aktiv biri olsa belə. Qızardılmış yeməklərin istifadəsini məsləhət görmürəm. Belə qidalarda yaranan akrilamid maddəsi orqanizm üçün zərərli hesab olunur və həzm sistemində əlavə gərginlik yaradır”.

Pediatrın sözlərinə görə, bağırsaq sağlamlığı ümumi sağlamlıq üçün əsas amillərdən biridir:” Xəstəliklərin kökü, hətta davranışın da səbəbi bağlrsaqlardan başlayır”.