Türkiyənin Səhiyyə Nazirliyi Uzaqdan Xəstə Qiymətləndirmə Sistemi (UHDS) çərçivəsində ölkənin bütün 81 vilayətində yeni xidməti istifadəyə verib.
Sherg.az xəbər verir ki, yeni sistem sayəsində vətəndaşlar Mərkəzi Həkim Qəbulu Sistemi (MHRS) vasitəsilə onlayn növbə götürərək olduqları yerdən həkim və digər səhiyyə mütəxəssisləri ilə videobağlantı qura biləcəklər.
Xidmət çərçivəsində psixoloji dəstək, siqareti tərgitmə konsultasiyaları, sosial dəstək, sağlam həyat məsləhətləri və digər profilaktik tibbi xidmətlər məsafədən və ödənişsiz şəkildə təqdim olunacaq.
Türkiyə üzrə fəaliyyət göstərən 351 Sağlam Həyat Mərkəzində 17 fərqli istiqamət üzrə pulsuz xidmət göstərilir. Layihənin məqsədi vətəndaşların profilaktik səhiyyə xidmətlərinə çıxışını asanlaşdırmaq, rəqəmsal səhiyyə imkanlarını genişləndirmək və xüsusilə yaşlılar, əlillər, qayğıya ehtiyacı olan şəxslər və ucqar bölgələrdə yaşayan insanlar üçün tibbi xidmətləri daha əlçatan etməkdir.
Səhiyyə Nazirliyinin nümayəndəsi Zeynəb Aydəmir Güvən bildirib ki, vətəndaşlar MHRS üzərindən növbə götürdükdən sonra mobil telefona göndərilən keçid vasitəsilə videoməsləhətləşməyə qoşula bilirlər.
Onun sözlərinə görə, sistem xüsusilə siqareti tərgitmə kimi davamlı müşahidə tələb edən xidmətlərin fasiləsiz göstərilməsinə imkan yaradır və profilaktik tibbi xidmətləri vətəndaşın ayağına aparır.