20 partiyanın birləşməsi Paşinyana zərbə olacaq


Növbəti il Ermənistanda hakimiyyət dəyişikliyi gözlənilir

Erməni mətbuatının yazdığına görə, oktyabr ayında ölkədə yeddi partiya birləşmə haqqında bəyannamə imzalayacaq. Birləşmiş siyasi qüvvələrin real sayının 20-dən çox olacağı vurğulanır. Yeni bloka tanınmış siyasətçilərin, bir sıra ictimai təşkilat və ekspert cəmiyyətlərinin daxil olacağı deyilir. Partiyalar siyasi hədəflərini əks etdirən “işçi sənədi”ni təqdim edəcəklər. Məlumdur ki, son dönəmlər Nikol Paşinyan hökumətinə qarşı ölkədə etirazlar güclənməkdədir.

Narazılar təkcə xalq arasında deyil, həmçinin ölkənin siyasi sferasında da müşahidə olunur. Son günlər Koçaryan-Sarkisyan cütlüyü, yəni “Qarabağ klanı” da hökumətə qarşı fəallaşmağa başlayıb. Hətta eks prezident Robert Koçaryan həbsdən çağırış edərək Paşinyanı hədələyib və onun hakimiyyətinin sonunun yaxınlaşdığını iddia edib. Lakin bəllidir ki, ermənilər artıq “Qarabağ klanı”na etimad göstərmirlər. Ona görə də ölkədəki digər müxalif qüvvələr Paşinyana qarşı birləşərək siyasi idarəetməni ələ almağa səy göstərirlər.  



Düşmən ölkədə cərəyan edən prosesləri “Şərq”ə təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev bildirib ki, siyasi partiyaların birləşməsi Paşinyan və komandası üçün böyük fəlakətlər gətirəcək. Analitikin sözlərinə görə, Ermənistandakı son hakimiyyət dəyişikliyindən bu yana erməni xalqının heç bir problemi həll olunmayıb:


“Ölkədəki sosial-iqtisadi problemlər daha da dərinləşib. Ermənistanda bir növ siyasi parçalanmanın getdiyini də müşahidə etmək olar. Əhali artıq hansı siyasi qüvvəyə inanacağını bilmir, hansısa partiyaya dəstək olmaqda qərarsızdır. Belə məqamda formalaşan siyasi parçalanma prosesi vətəndaş müharibəsi ilə yekunlaşa bilər”. 

Ekspert vurğulayıb ki, son zamanlar müşahidə edilən “Qarabağ klanı”nın aktivliyi də Ermənistandakı siyasi durumun pik həddə olduğuna dair əyani sübutdur:

“Qarabağ klanına rəsmi Moskvanın da açıq dəstək verməsi ölkədə hər an dövlət çevrilişi ola biləcəyi ehtimalını gücləndirir. Qısacası, növbəti ilin ilk yarısında Ermənistanda hakimiyyət dəyişikliyinin olma ehtimalı böyükdür.

Ancaq bu prosesin Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlara müsbət təsir edəcəyi mümkünsüz görünür. Qarabağ problemi ilə bağlı müsbət nəticə əldə etmək üçün Ermənistandakı hadisələrin fonunda hərbi təzyiq zəruridir. Bu, Azərbaycan üçün böyük fürsət olar”.