“Ermənistandakı təlatümlər vətəndaş müharibəsinin anonsunu verir” – ŞƏRH

“Paşinyanın absurd davranışlarından sonra Qarabağ probleminin həlli üçün ancaq hərb yolu görünür”. 

Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi, tanınmış jurnalist Anar İmanov deyib. 

Ekspert buna baxmayaraq, münaqişənin həlli yolunun hələ də sülhlə mümkün ola biləcəyini vurğulayıb: 

“İnanıram ki, Ermənistanın rəhbərliyi yeniləndikdən sonra indiki vəziyyət dəyişə bilər. Hazırda Ermənistanda vəziyyət elə də ürəkaçan deyil. Hamı hakimiyyətdən narazıdır. Bugünlərdə ölkədə tələbələr də etiraza qalxıblar. Artıq bütün dünya Ermənistanın necə absurd siyasət yürütməsinin canlı şahididir.



Bir çox xarici ekspertlər Paşinyanın hərəkətlərinin yanlış olduğunu qeyd edirlər. Məsələn, rusiyalı teleaparıcı, siyasi ekspert Yevgeni Mixaylov vurğulayır ki, Nikol Paşinyanın Dağlıq Qarabağ və onun statusu ilə bağlı mövqeyi təxribat xarakteri daşıyır və müasir reallıqlara cavab vermir. Ekspertin sözlərinə görə, İrəvanın manevr etməyə çox vaxtı qalmayıb və tezliklə Moskvanın dəstəyini itirə bilər”.

Analitik hesab edir ki, Paşinyanın vaxtında hakimiyyətdən getməməsi müharibəyə gətirib çıxara bilər: 

“Düşmən ölkədəki təlatümlər vətəndaş müharibəsinin anonsunu verir. Paşinyanın hər hansı normal qərar qəbul etmək üçün yetərli zamanı qalmayıb. Artıq konkret qərar verməyin vaxtıdır. Əks halda bu gedişlə ölkənin başına daha çox faciələr gələcək”.