“Rusiya Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.
Professor bildirib ki, Paşinyan peşəkar siyasətçi olmadığına görə, onun beyninə kənardan müxtəlif ideyalar yeridilir:
“Baş nazir kənardan ona verilən fikirləri təqlid edir, dilə gətirir. Ancaq bir müddət sonra absurd bəyanatlarını tez-tez dəyişmək məcburiyətində qalır. Elə bunun özü göstərir ki, Paşinyanın siyasi proseslərdən başı çıxmır. Reallıq odur ki, ABŞ Cənubi Qafqaza girmək üçün Ermənistandan istifadə edir. Çünki Azərbaycan bu cür məsələlərdə bitərəf qalır və heç bir qütbə meyl etmir. Paşinyan isə Amerika ilə Rusiyanın arasında qalıb. Ona görə də Qarabağla bağlı proses acı bağırsaq kimi uzanacaq. Ermənistanı qızışdıracaqlar və erməni rəhbərliyi də bu sərsəm açıqlamalar verəcək”.
Politoloqun sözlərinə görə, Paşinyanı Qərb dairələrinin hakimiyyətə gətirdiyinə şübhə yoxdur:
“Hazırda onu dəstəkləyən məhz Qərb dünyasıdır. Ona görə də baş nazir Qərbin maraqlarını həyata keçirir. Ancaq Paşinyanın qeyri-sabit addımları onun devrilməsinə gətirib çıxaracaq. Ermənistan Konstitusiya Məhkəməsi sabiq prezident Robert Koçaryan haqqında qərar qəbul edib. Qərara əsasən, sentyabrın 12-i Koçaryan azad olunacaq. Ermənistan yeni prosesin başlanğıcındadır. Yerli ermənilərlə Qarabağ erməniləri arasında qarşıdurma daha da güclənəcək. Bu qarşıdurma tezliklə Ermənistanı fəlakətə sürükləyəcək”.