Səfir: "Kim bilir, bəlkə nə vaxtsa bizim qaz da bu kəmərlə nəql olundu..."

Rusiya qazı müəyyən mərhələdə Azərbaycanla Türkiyəni birləşdirən TANAP qaz kəməri ilə nəql oluna bilər.

Virtualaz.org xəbər verir ki, Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov Azərbaycanın CBC telekanalına müsahibəsində bu variantı istisna etməyib.

Boçarnikovun müsahibəsindən sitatları Rusiya KİV-ləri yayıb. TANAP kəmərinin yekun fazasının açılışı 2019-cu il noyabrın 30-da baş tutub.

“Mən Azərbaycanı TANAP layihəsinin işə salınması münasibətilə təbrik etmək istəyirəm, bu böyük uğurdur. Azərbaycan bu layihəyə yatırım qoyub və indi onun bəhrəsini görməyə tam əsası var”,-Rusiya səfiri bildirib.

“Həm Azərbaycan, həm Rusiya neft-qaz ölkələridir. Və hər iki ölkə öz mineral ehtiyatlarını özü hasil edir. Hərçənd biz burada da əməkdaşlıq edirik, mən Rusiya şirkətlərinin Azərbaycanın neft, qazkondensat yataqlarının işlənməsində iştirakını nəzərdə tuturam. Kim bilir, bəlkə bizim qaz da hansısa mərhələdə TANAP layihəsinə qoşulacaq, mən bunu istisna etməzdim”,-Boçarnikov əlavə edib.