Namizədlərə bərabər şərait yaradılıb – Normal kampaniya aparırlar

“Bir namizəd kimi seçki prosesindən razıyam”. Bunu Sherg.az-a açıqlamasında 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı deyib.  F.Şahbazlı bildirib ki, müəyyən namizədlər onlara qarşı maneçilik törədildiyini iddia edirlər. Ancaq mən bunun həqiqətə uyğun olub-olmaması haqda bir söz deyə bilmərəm: 

“Lerikin 20-dən artıq kəndində görüşlər keçirmişəm. Seçki strategiyamın əsas istiqaməti qapı-qapı gəzməkdir. Seçiciləri bir otağa, zala toplamıram, özüm onların ayağına gedirəm. Hər kənddə 40-50 adam bizimlə görüşə gəlir. Ora gələn adamların heç birindən eşitmədim ki, kiməsə maneçilik törədilib, yaxud namizədlər görüşə gəlməsinə imkan verməyiblər. Görüşləri əks etdirən fotoları da Feysbukda gündəlik paylaşıram. İndiyə qədər hansısa seçici mənə zəng edib deməyib ki, görüşdən sonra ona təzyiq edilib. Yəni belə bir faktla qarşılaşmamışam”. 



Gənc namizədin sözlərinə görə, bəzi namizədlərin qanun pozuntuları ilə bağlı iddiaları həqiqət olsa belə, bu, sadəcə yerlərdə hansısa fərdlər səviyyəsində baş verə bilər: 

“Ümumi formada ölkə başçısının siyasi iradəsi nəticəsində Azərbaycanda kifayət qədər azad və demokratik seçki prosesi gedir. 9 fevral seçkiləri də xalqımızın siyasi iradəsini ifadə edəcək. Vətəndaşlarımızın siyasi aktivliyi də ötən illərlə müqayisədə xeyli artıb. Sosial şəbəkələrin gücü elə səviyyəyə çatıb ki, Lerikin ucqar kəndlərində belə seçicilər namizədlərin bütün fəaliyyətini yaxından izləyirlər və qiymət verirlər”.