AŞPA-nın növbəti qərəzi: Son qətnamə heç bir siyasi-hüquqi mahiyyət daşımayacaq - AKTUAL

“Avropa institutları tərəfindən tez-tez ölkəmizlə bağlı qərəzli bəyanat və qətnamələrin şahidi oluruq”. Bunu Sherg.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. 

Siyasi şərhçi bildirib ki, AŞPA-nın təxribat xarakterli son qətnaməsi heç bir siyasi-hüquqi mahiyyət daşımayacaq: 

“Ən maraqlı məqam məhz zaman faktoru ilə bağlıdır. Hər dəfə ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbir keçiriləndə, bütün dünyanın diqqəti Azərbaycana yönələndə, yaxud da ölkəmizdə seçki prosesi yaşandıqda Avropanın ayrı-ayrı institutları tərəfindən bu cür xoşagəlməz bəyanatlar verilir. Beləliklə, "Niyə məhz indi?" sualının cavabı da aydınlığa qovuşur. 



Ceyhun Əhmədli: “Son qəbul edilən qərəzli qətnamənin də arxasında erməni lobbisindən maliyyələşən deputatlar dayanır”


Politoloqun fikrincə, burada məqsəd dünyanın diqqət mərkəzinə düşdüyü an Azərbaycan dövlətini qaralamaqdır: 

“Söz yox ki, son qəbul edilən qərəzli qətnamənin də arxasında erməni lobbisindən maliyyələşən deputatlar dayanır. Mən bu cür qətnamələrin Avropa ilə münasibətlərimizin korlanmasına rəvac verəcəyini qətiyyən düşünmürəm. Çünki vaxtilə bu kimi siyasi təxribatlarla çox qarşılaşsaq da, ən sonda qarşılıqlı faydalı münasibətlərimiz qorunub-saxlanılıb. Bu gün Azərbaycan Avropa İttifaqı ölkələri ilə çox sıx tərəfdaşlığa sahibdir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir”.