“Soylu siyasi mədəniyyət ortaya qoydu, amma...” - MÜNASİBƏT


“...Belə güclü bir nazirdən məhrum olmaq hökuməti və terrorçulara qarşı aparılan mübarizəni zəiflədərdi” 


“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çox doğru qərar verərək Süleyman Soylunun istefasını qəbul etmədi”. 

Bunu “Sherg.az”a AĞ Partiya sədri Tural Abbaslı deyib. 

Türkiyədə baş verən olayları şərh edən partiya rəhbəri bildirib ki, pandemiya başlayandan bu yana dünya ölkələri arasında koronavirusa qarşı ən uğurlu formada mübarizə aparan ölkələrdən biri Türkiyədir: 

“Bu fakt Ümumdünya Səhiyyə Təşkilatı və digər dövlətlər tərəfindən etiraf olunur. Bir çox ölkə yardım üçün qardaş Türkiyəyə müraciət edir. Dünyanı dizə gətirən bir pandemiyaya qarşı mübarizədə ortada bir uğur hekayəsi var. Ötən gün Türkiyədə iki gün küçəyə çıxma qadağasının tətbiq olunması bu uğur tarixçəsinə qara yaxmaq istəyənlərin əlinə bəhanə verdi. Qadağa panikasına düşmüş insanlar bütün nizam-intizam qaydalarını pozaraq küçələrə axışdılar. Ölkənin hüquq-mühafizə orqanları yaranmış vəziyyəti nəzarətdə saxlamaqda çətinlik çəkdi. İnsanların bir günlük ajiotajını və bəlkə də qorxudan irəli gələn məsuliyyətsizliyini fürsət bilən rəqiblər, müxalif qüvvələr vəziyyətdən sui-istifadə etmək qərarına gəldilər. Əslində, belə olaylarda hökumətdən kimsə məsuliyyəti öz üzərinə götürməlidir. Bu yaxınlarda İrlandiyanın səhiyyə naziri əhaliyə “evdə qal” çağırışı etdi. Lakin çağırışdan dərhal sonra dincəlmək üçün bağ evinə yollandı. Nazirin hərəkəti ifşa olunduğuna görə, üzr istədi və istefa verdi. Ümumiyyətlə, hakim komandanın gördüyü müsbət işləri kölgə altında qoymamaq üçün istefa mədəniyyətini ortaya qoymaq lazımdır. Soylu da öz karyerasından imtina etməklə siyasi mədəniyyət ortaya qoydu. Baxmayaraq ki, Süleyman Soylu AKP hökumətinin ən güclü nazirlərindən, hətta mühüm simalarından biridir. Buna rəğmən, məsuliyyəti üzərinə götürərək istefa qərarı aldı. Bu addımı təqdir etmək lazımdır”. 

Politoloq vurğulayıb ki, istefa qərarının əvvəlcədən AKP tərəfindən razılaşdırıldığını iddia etmək absurd yanaşmadır: 

“İstefa mədəniyyəti bir nazirin öz məsuliyyətini başa düşməsi və hesabatlılığını dərk etməsidir. Əfsuslar ki, bəzi nazirlər “burda mənəm, Bağdada kor xəlifə” düşüncəsi ilə kresloya əyləşirlər. Ona görə də Soylunun bu davranışı digərlərinə, elə bizdəki bəzi nazirlərə də nümunə olmalıdır. Təbii ki, indiki ağır məqamda Süleyman Soylunun istefası qəbul edilə bilməzdi. Belə güclü bir nazirdən məhrum olmaq hökuməti və terrorçulara qarşı aparılan mübarizəni zəiflədərdi”. 

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylunun istefa qərarı alması Türkiyədə böyük rezonans doğurub. Lakin prezident Rəcəb Tayyib Ərdoğan nazirin istefasını qəbul etməyib. İkili arasında baş tutan telefon danışığından sonra Soylu öz işinin başına geri dönüb.