“Onlar mömin qardaşları olan Azərbaycanın düşmənləri ilə dostluq edirlərsə, biz bunun adını nə qoyaq?!
“Azərbaycanın bütün işğal olunmuş ərazilərində nə qədər söküntü materialları var idisə, hamısı İrana satılıb”
Məlum olduğu kimi bir neçə gün əvvəl sosial şəbəkələrdə Xankəndidə yaşayan bir erməninin bölgəyə gələn İranın yük maşınlarına etirazını əks etdirən video-görüntülər yayılmışdı. Erməni göndərilən yardıma deyil, İrandan gələn tırların koronavirus təhlükəsini nəzərə almadan buraxılmasına etiraz etmişdi. İran rəsmiləri isə videonun həqiqəti əks etdirməməsi barədə açıqlamalar vermişdi. Lakin Ermənistan tərəfi yardım tırlarının Dağlıq Qarabağa göndərildiyini etiraf edib. Ermənistan Polisinin rəis müavini Hayk Mqriyan keçirdiyi mətbuat konfransında bildirib ki, fövqəladə vəziyyət dövründə İrandan Ermənistana yük maşınları gəlib. Onun sözlərinə görə, ümumilikdə Ermənistandan 2.946 nəqliyyat vasitəsinə Dağlıq Qarabağa getməyə icazə verilib.
Ciddi etiraza səbəb olan məsələ ilə bağlı fikirlərini “Sherg.az”a bölüşən millət vəkili Elman Məmmədov deyib ki, əgər İranın əli yağlıdırsa, öz başına çəksin.
Deputat vurğulayıb ki, İran özü koronavirusdan və maddi təminatdan ən çox əziyyət çəkən ölkədir və hər gün bu səbəbdən xeyli insan həyatını itirir:
“Sözlərim və iradlarım İran xalqına aid deyil, mən üzümü molla rejiminə tuturam. İran iqtidarı ilk növbədə öz xalqının qeydinə qalmalıdır. İran “islam” ölkəsi kimi çıxış edir və rəsmi adında bu sözü daşıyır. Tehran hökuməti mömin qardaşları olan Azərbaycanın düşmənləri ilə dostluq edirlərsə, biz bunun adını nə qoyaq?! Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsi başlayan gündən Ermənistanın 2 ən yaxın köməkçisi, müdafiəçisi olub. Biri şimal qonşumuz, digəri isə cənub qonşumuzdur. Bu fakt gizli deyil və dəfələrlə gündəmə gətirilib. Rəsmiyyətə, siyasi diplomatiyaya görə, İran Azərbaycanla “dost-qardaş” olduğunu bəyan edir. İran bizimlə qonşu dövlətdir, ancaq mən Tehranın səmimiyyətinə inanmıram. Son 28 il ərzində İran Ermənistan üçün qida, enerji mənbəyi, təminat-təchizat rolunu oynayıb. Azərbaycanın bütün işğal olunmuş ərazilərində nə qədər söküntü materialları var idisə, hamısı İrana satılıb”.
Parlament üzvü bəyan edib ki, iki ölkə arasında yüksək dostluq və qardaşlıq bugün də davam edir:
“Rusiya məlum ərazi və yol səbəbinə görə, Ermənistanı ərzaqla təmin edə bilmir. Ermənistanın bir nömrəli təminatçısı İrandır. Tehran bunu heç vaxt təkzib edə bilməz. Faktlar göz qabağındadır. Çox təəssüf edirəm ki, 30 milyondan artıq Azərbaycanlının yaşadığı İran dövləti islam müqəddəslərini təhqir edən ermənilərə dəstək verir, yardım göstərir. Şuşadakı Gövhər Ağa məscidini iranlıların təmir etdiyini yaxşı bilirik. Yüzlərlə belə faktlar var. İran və Ermənistan prezidentləri dəfələrlə qucaqlaşıb öpüşüblər. Cənab Prezidentimizin çox gözəl bir ifadəsini sitat gətirmək istəyirəm. Dövlət başçısı deyir ki, “bizim özümüzdən yaxın dostumuz yoxdur və biz özümüzə arxayın olmalıyıq”. Biz baş verən hadisələrdən nəticə çıxartmalı və birlikdə hərəkət etməliyik”.