“ABŞ-Azərbaycan tərəfdaşlığı yeni mərhələyə qədəm qoydu” - AKTUAL

“Trampın məktubu Azərbaycanın son dərəcə ağır geosiyasi durumda nə qədər çevik manevr edə bilməsinin ifadəsidir”



"Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan Xalq Cümhuriyyətinin  102-ci  ildönümü münasibətilə göndərdiyi  təbrik məktubu ənənəvi xarakter daşıyır. ABŞ rəhbərləri demək olar ki hər il 28 May ərəfəsində ölkə başısına təbrik xarakterli  məktub ünvanlayır".

Bu sözləri  "Sherg.az" a Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. 
Onun sözlərinə görə, ABŞ prezidenti Donald  Trumpın Prezident Əliyevə məktubu Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyi və suverenliyi, beləliklə də ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına güclü dəstək kimi xarakterizə olunmalıdır: 

"Bu məktub Azərbaycanın son dərəcə ağır geosiyasi durumda nə qədər çevik manevr edə bilməsinin ifadəsidir. Həmçinin ölkəmizin bölgədə oynadığı rolun əhəmiyyəti ilə də xarakterizə oluna bilər.  Azərbaycan bölgədə sabitliyin və təhlükəsizliyin  təmin olunması məqsədi ilə  müxtəlif sülhməramlı  missiyalarda iştirak edib.  Beynəlxalq terrorçuluq, dini radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı həmişə ciddi mübarizə aparıb. İraq,  Əfqanıstan, Kosova,  Sudan kimi  dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstək verib, qlobal inkişafa yardımını əsirgəməyib". 

Politoloq deyib ki, Trampın məktubunda Avropanın enerji təminatında da Azərbaycanın kifayət qədər əhəmiyyətli rola malik olduğuna dair faktlar da öz əksini tapıb: 

"D. Tramp Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək  istiqamətində səylərdən danışır və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq etdiyini qeyd edir.
Belə ki, Avropa qitəsinin enerji təminatının gücləndirilməsi üzrə həyati vacib layihələrdən biri olan Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılmasında Bakının payı az deyil.

Məlum olduğu kimi Cənub Qaz Dəhlizinin işə salınması Amerika rəhbərliyinin nəzərində “inanılmaz nailiyyət” və “Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qaz layihəsi”dir.

Hətta Qərbdə müəyyən dairələr layihə ilə bağlı tərəddüd edib ona mane olmağa çalışanda, Azərbaycan rəhbəri təşəbbüs göstərərək maliyyə xərcləri də daxil olmaqla əsas işləri üzərinə götürdü.  Eyni zamanda  Donald Tramp bu layihəni strateji layihə adlandırandan sonra Avropa Komissiyası  digər alternativlərə yox məhz TAP layihəsinə üstünlük verdi.

İlin  birinci yarısında  TAP layihəsinin istifadəyə verilməsi nəzərdə tutulsa da pandemiya səbəbdən bu baş tutmadı. Amma  bu istiqamətdə işlər tam sürətlə davam etdirilir, demək olar ki işin 90 faizi hazırdır.  Çox güman ki,  Azərbaycan qazı  ilin  ikinci  yarısında  Cənubi  vasitəsiylə  Avropaya çatdırılacaq".

  ABŞ-Azərbaycan  tərəfdaşlığının  yeni bir  mərhələyə qədəm  qoyduğunu  qeyd edən politoloq deyib ki,  bütün  sahələrdə əməkdaşlıq yüksələn xətlə gedir.