“Ermənistanın “ip”i başqalarının əlindədir” - ŞƏRH

“Bu ölkə heç zaman müstəqil siyasət apa bilməyib və bundan sonra da müstəqil dövlətçilik kursu yeridə bilməyəcək”


Məlum olduğu kimi, Rusiyanın paytaxtı Moskvada sovet xalqının Böyük Vətən Müharibəsində faşizm üzərində əldə edilmiş qələbənin 75-ci ildönümü yubileyi ilə bağlı hərbi parad keçirilib. Hərbi paradda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edib. Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu yerli Aztex avtomat silahları ilə hərbi sıra ilə keçid ediblər.


Paradda Ermənistan hərbçiləri sovet bayraqları ilə keçid etdi. Bəs, sözdə özünü müstəqil adlandıran Ermənistanın paradda sovet bayraqları ilə keçid etməsi Ermənistanın sözün həqiqi mənasında müstəqil olmadığını, bu gün də özünü SSRİ-nin varisi olan Rusiyanın bir əyalət kimi gördüyünün təsdiqi sayıla bilərmi?

Millət vəkili Eldəniz Səlimov “Sherg.az”a açıqlamasında bildirib ki, bu, Ermənistanın müstəqil olmadığını, yarımmüstəmləkə, forpost olduğunu bir daha açıb ortaya qoydu:

“Onsuz da hər kəs, elə özləri də yaxşı bilir ki, onların müstəqillikləri formal xarakter daşıyır, onlar məlum dövlətin bir əyaləti, vassalıdır. Çünki onların dövləti və dövlətçiliyi olmayıb. Ermənilər  mövcud olduqları əraziyə başqa ölkələrdən köçürülüblər, yerli sakinlər deyil. İndiki Ermənistan adlanan ərazi Qərbi Azərbaycan torpaqlarıdır, İrəvanın, Zəngəzurun, Göycənin, Dərələyəzin hesabına yaradımış bir dövlətdir. İndi də arxalandıqları böyük dövlətinin və digər güclərin hesabına yaradılmış bir dövlətdir. Yəni öz dövlətləri, öz torpaqları deyil, bu baxımdan, onların müstəqilliyi də qondarma və saxta xarakter daşıyır”.

Millət vəkili bildirib ki, Ermənistan heç zaman müstəqil siyasət apa bilməyib və bu gedişlə, xəstə təfəkkürlə bundan sonra da müstəqil dövlətçilik kursu yeridə bilməyəcəklər:

“Həmişə asılı, dilənən, ələbaxan olacaqlar. Bu, onların taleyi və tarixin haqlı ironiyasıdır. Özünüz də şahidsiniz ki, ötən əsrin 90-cı illərində, yəni, Levon Ter-Pertosyanın hakimiyyətinin son illərində və eləcə də, 1999-cu ildə istədilər, cəhd etdilər ki, oyun qaydalarını pozub, müstəqil addım atsınlar. Dərhal hərbi canı Robert Koçaryanın əli ilə çevriliş həyata keçirildi və müstəqllliyə meylli Pertosyan hakimiyyətdən devrildi.

Eyni zamanda, yenə də cinayətkar Koçaryanın birbaşa göstərişi və icraçılığı ilə dünyanın gözü qarşısında Ermənistan parlamenti gülləbaran edildi, qanlı qətliam törədildi. Guya ki, ruhi xəstə olan bir şəxsin bu qətliamı törətdiyi bildirildi, ancaq bunun arxasında kimlərin və hansı güclərin durduğu bəlli idi. Yəni, bunlar istəsələr də, bu torpaqlarda qondarma Ermənistan dövlətini yaradanlar, onu himayə və vassalı, əyaləti kimi idarə edənlər heç zaman müstəqilliklərinə, müstəqil davranışlarına imkan verməyəcəklər. Çünki boğazlarındakı ip, kəndir başqalarının əlindədir”.

E.Səlimov vurğulayıb ki, Ermənistanın yalnız bir xilas yolu var. Bu da illərdir düşmənçilik, nifrət siyasəti yeritdikləri qonşu Türkiyə və xüsusilə, ərazilərini himayədarlarının birbaşa dəstəyi ilə işğal etdikləri Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır:

“Onların ağlı, gücü, dərrakəsi yetərsə-bu da çətin görünür-artıq düşmənçilik və təcavüzkarlıq siyasətindən yavaş-yavaş imtina edib hər iki ölkə ilə münasibətləri normallaşdırmaq xəttini tutarlar. Yalnız bu zaman onlar hər cür asılılıqdan və tənəzzüldən, uçurumdan qurtula bilərlər. Hər halda, bu, Ermənistanın problemidir, bizi maraqlandırmır”.