Həmsədrlərin görüşlərinin heç bir təsiri yoxdur

Arzu Nağıyev: "Bundan sonra daha 20 il deklorativ bəyanatlara qulaq asa bilmərik"

Məlum olduğu kimi, Prezident İlham Əliyev Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının əhəmiyyətsiz olduğunu söyləyib. Dövlət başçısı vurğulayıb ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir. Ölkə rəhbəri münaqişənin həllində vasitəçilik missiyanı icra edən ATƏT-in Minsk Qrupunun fəaliyyətini yararsız sayaraq, buna dair detallı dəlillər də irəli sürüb. Faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladan Prezident yeni missiyaya ehtiyac olduğunu bildirib: “10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır.

Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!”. Əslində, siyasi ekspertlər, ictimaiyyət nümayəndələri danışıqların mənasız olduğunu dəfələrlə gündəmə gətiriblər. Lakin birbaşa dövlət başçısı tərəfindən görüşlərin əhəmiyyətsiz olduğunun vurğulanması rəsmi Bakının mənasız danışıqlardan birdəfəlik imtina edəcəyi, ya da danışıqlara ara verəcəyi məsələsini də gündəmə gətirib. 

Ölkə rəhbərinin diqqət yönəltdiyi məqamları “Şərq”ə dəyərləndirən millət vəkili, politoloq Arzu Nağıyev bildirib ki, görüş naminə görüşlərin mənasız olduğu hər zaman qeyd olunub. Deputatın sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri deklorativ bəyanatlar veriblər və bir addım irəli getməyiblər:

“Münaqişədə işğalçı tərəf də, ərazisi zəbt edilən ölkə də məlumdur. Yəni çox baş sındırmağa ehtiyac yoxdur. Lakin təəssüflər olsun ki, həmsədrlər müəyyən aralıqlarla mənasız görüşlərin təşkil edilməsi ilə məşğuldur. Əlbəttə, münaqişə tərəfləri arasında təmaslar olmalıdır. Lakin görüşlərin heç bir nəticəsi yoxdursa, bundan sonra daha 20 il deklorativ bəyanatlara qulaq asa bilmərik. Minsk Qrupunu təmsil edən həmsədr dövlətlər ayrı-ayrılıqda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Eyni zamanda bu ölkələr BMT-nin Təhlükəsizlik Şurasının üzvləri kimi söz sahibidirlər. Amma Rusiya, ABŞ və Fransa təmsilçiləri indiyədək quru bəyanatlarla yadda qalıblar”. 

A.Nağıyev hesab edir ki, artıq müəyyən qərarların verilməsinin vaxtıdır:
“Həmsədrlər və beynəlxalq təşkilatlar öz qərarlarına hörmətlə yanaşmalıdır. BMT indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə qətnamə qəbul edib. Lakin onların icra mexanizmi yoxdur. Məhz bu cür yanaşmalara görə, cənab Prezident əhəmiyyətsiz görüşləri gündəmə gətirdi və yeni missiyaya ehtiyac olduğunu bəyan etdi. Vasitəçilər ölkə rəhbərinin sərt tənqidindən ciddi nəticə çıxartmalıdır”.