"Düşünülmüş təxribatla üz-üzəyik"

Cümşüd Nuriyev: "Ermənistan Rusiyanı prosesə cəlb etməyə çalışır"


İyulun 12-də Ermənistan silahlı qüvvələri artilleriyadan istifadə edərək sərhədin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstəriblər. Lakin ordumuz düşmənin növbəti təxribatına layiqli cavab verərək erməniləri geri çəkilməyə məcbur edib. Gün boyu sürən hərbi əməliyyatlar nəticəsində düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Əfsuslar ki, ordumuz da şəhidlər verib. Əvvəla, qeyd etmək lazımdır ki, iki ölkə arasında çox kövrək atəşkəs rejimi mövcuddur.

Nə qədər ki, problem həll olunmayıb, istənilən an münaqişənin alovlanması ehtimalı var. Lokal hərbi toqquşmaların baş verməsi və təxribatların törədilməsinin qarşısında isə hər hansı maneə yoxdur. Atəşkəs dövründə dəfələrlə bu tip hadisələr qeydə alınıb. Lakin atəşkəsin qoşunların təmas xəttində deyil, iki ölkə sərhədində pozulması faktının üzərində ayrıca dayanmaq lazımdır. Ümumiyyətlə, son aylar ermənilərin bütün diversiya təxribatları məhz sərhəd xəttində, Tovuz-Qazax istiqamətində törədilib. Bir sıra ekspertlərin fikrincə, Ermənistan tərəfinin əsas məqsədi Tovuz-Qazax bölgəsində Azərbaycanın bir neçə yüksəkliyini ələ keçirmək təşəbbüsü Qərbə açılan qapıya nəzarət etmək istəyidir.

Həmçinin Qarabağ cəbhəsindən diqqəti bu zonaya yönəldərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini almaqdır. Bu senarinin Moskvada planlandığı da iddialar arasındadır. Tovuz istiqamətində ordumuzun mövqelərinə artilleriya vasitəsilə hücum cəhdinin xeyli əvvəldən planlaşdırıldığı deyilir. Məqsəd Azərbaycanın geosiyasi mövqelərinin güclənməsini qarşısını almaq, sözügedən sərhəd xəttinə nəzarəti ələ keçirmək və Azərbaycanın boru kəmərlərinə təhdid yaratmaqdır. Ermənistan dövlət sərhədində təxribata getməklə, Qarabağ məsələsini arxa fona keçirməklə birbaşa Rusiyanı proseslərə cəlb etməyi planlayır.

Digər bir məqam isə Ermənistanda daxili siyasi vəziyyətin gərginləşdiyi fonda baş nazir Nikol Paşinyanın sərhəddə təxribatlara getməsidir. Görünür, Azərbaycan Prezidenti İlham Əliyevin mühüm təşəbbüsləri, ötən həftə Minsk Qrupu ilə bağlı sərt tənqidləri, müharibə mesajı verməsi İrəvanda və onun arxasında duran güclərdə ciddi narahatlıqla qarşılanıb. 



Düşmən təxribatını “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, ermənilərin Tovuz istiqamətində hücum cəhdinin bir neçə səbəbi var. C.Nuriyev vurğulayıb ki, Ermənistan birmənalı şəkildə Azərbaycanın dövlət sərhəddinə təcavüz edib. Burada atəşkəsin pozulmasından söhbət getmir:

“İrəvan hər şeydən öncə KTMT-nin 4-cü maddəsinə əsasən, Rusiyanı prosesə cəlb etməyə çalışır. Üç-dörd gün əvvəl ermənilərin təxribat törədəcəyini söyləmişdim. Çünki ortada ciddi planlar var və həmin planı reallaşdırmaq üçün Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən işğal etmək lazımdır. Məqsəd Azərbaycanın Qərbə, Avropaya açılan kanallarını bağlamaq, Bakı-Ceyhan, Bakı-Supsa kəmərlərini və dəmir yollarını nəzarətə götürməkdir. Təbii ki, bunların arxasında işğalçı Ermənistanı dəstəkləyən ölkələr dayanır. Həmin məqsədi güdənlər bizim şimal və cənub qonşularımız – Rusiya və İrandır. Yəni həddindən artıq məkrli, əvvəlcədən düşünülmüş bir təxribatla üz-üzəyik. Ona görə də düşmənin istənilən cəhdinin qarşısı dərhal və kəskin şəkildə alınmalıdır”.