Moskva yaxşı anlayır: “Türkiyəni gözdağı ilə qorxuda bilməyəcək!”

“Ankaranı bu taktika ilə heç ABŞ qorxuda bilməyib”

“Moskva Türkiyənin diqqətini yenidən Liviyaya çəkmək, beləcə Qafqazda baş verən münaqişədən uzaqlaşdırmaq istəyir” 


“Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi qlobal münaqişə astanasındadır”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Turan Rzayev deyib. 
Analitik bildirib ki, bəlkə bu yanaşma bir qədər sərt və utopik səslənə bilər. Lakin reallıq var ki, Dağlıq Qarabağ münaqişəsi hər an dondurulmuş münaqişə statusundan qlobal qarşıdurma sferasına keçə bilər: 

“12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri sərhədin Tovuz istiqamətində artilleriya qurğularından istifadə etməklə qəfil hücuma keçərək hərbi təxribat törətdi. Bəli, ilk dəfə deyil ki, rəsmi İrəvan Azərbaycana qarşı təxribatlar edir. Lakin təxribatın yaratdığı siyasi böhran dondurulmuş münaqişənin heç də düşünüldüyü kimi dondurulmadığını, əksinə, hər an partlamağa hazır vulkan olduğunu göstərdi. Şübhəsiz, ilk daşı düşmən tərəfi atdı. Lakin hazırkı situasiyada önəmli olan kimin ilk daşı atdığı deyil, kimin son zərbəni vuracağıdır. Rusiya Türkiyə ilə gərginlik yaşamaq istəmir. Türkiyə və Rusiya tarixlərində olmadıqları qədər yaxınlaşaraq, hərbi, iqtisadi, siyasi sahədə əməkdaşlıq edirlər. Regionun bu iki qüdrətli ölkəsi hər nə qədər ortaq maraq çərçivəsində hərəkət etmiş kimi görünsələr də real mənzərə fərqlidir”. 



Siyasi şərhçi bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin hazırkı vəziyyətini analiz etmək üçün hansı sınaqlardan keçdiklərinə nəzər salmaq lazımdır: 

“Rəsmi Moskva və Ankara Suriyada və Liviyada iki böyük sınaqdan keçdi. Dünya nəfəsini tutub “aralaşın, indi Namiqlə Makedon vuruşacaq” desə də, siyasi proqnozlar alt-üst oldu. Ərdoğan və Putin gözlənilmədən ortaq məxrəcə gələ bildi. Bu gün də Suriya və Lliviyada ortaq maraqlar çərçivəsində iki ölkə xoş, firavan siyasi varlıqlarını qoruyurlar. Lakin elə mövzu var ki, rəsmi Ankara və Moskva siyasi qarşıdurmadan yayına bilməz. Bunu Rusiya, Türkiyə, Azərbaycan da bilir. Təəssüf ki, Ermənistan da bu reallığın fərqindədir. Ermənilərin Tovuz istiqamətində artilleriya qurğularından istifadə etməklə hərbi təxribat törətməsinin pərdəarxası məqamlarından biri də budur. Rəsmi İrəvan, onsuz da uzun müddətdir Moskvanın təsirindən çıxıb Qərbə yaxınlaşmaq istəyir. Lakin burada bir əmma var. Ermənistan Ukrayna və Gürcüstanın başına gələnləri yaxşı bilir. Rusiya olmasa, Qafqazda Ermənistan deyə bir dövlət olmaz. Buna görə daha məkirli planlar qurur”. 

T.Rzayevon sözlərinə görə, məqsəd Azərbaycanı Dağlıq Qarabağ cəbhəsindən uzaqlaşdırıb dövlət sərhədində münaqişəyə cəlb etməkdir: 

“Rəsmi Bakının Ermənistan sərhədini keçməsi isə Ermənistanın Rusiyanı münaqişəyə cəlb etməsi deməkdir. Rusiyanın münaqişəyə girməsi Türkiyənin prosesə qoşulmasına səbəb olacaq. Qısacası, Ermənistanın məqsədi Rusiyanı Türkiyə ilə müharibəyə sövq etməkdir. Çünki regionda Moskvanı zəiflədəcək potensiala sahib tək ölkə Türkiyədir. Yəni həm Rusiyanı zəiflədib təsirindən çıxacaq, həm Türkiyəni zəiflədib qərbli dostlarına himayə etmələri üçün qiymətli hədiyyə vermiş olacaq. Eyni zamanda türk-rus münasibətlərini yaxın gələcəkdə düzəlməyəcək bir hala salacaq. Türkiyə yekdilliklə Azərbaycana dəstəyini ifadə edib. Rəsmi Moskva isə özünəməxsus şəkildə Türkiyəyə xəbərdarlıq edir”.

Turan Rzayev qeyd edib ki, Moskva Türkiyəni gözdağı ilə qorxuda bilməyəcəyini yaxşı anlayır: 

“Yaxşı bilir ki, Türkiyəni taktika ilə heç ABŞ qorxuda bilməyib. Məhz buna görə, Rusiya Türkiyənin başını Liviyada qatmağa çalışır. Türkiyənin üzünü Qafqaza çevirməsi ilə Liviyada vəziyyət yenidən dəyişməyə başladı. Sisi Liviyanın Tobruq şəhərinə Xəlifə Haftara dəstək məqsədilə hərbi ləvazimat göndərib. Misirin belə bir addım atması faktiki olaraq növbəti etabda texnika və canlı qüvvə ilə davam edəcək. Rəsmi Qahirənin bu addımı özbaşına atması inandırıcı deyil. Moskva bu yolla Türkiyənin diqqətini yenidən Liviyaya çəkmək, beləcə Qafqazda baş verən münaqişədən uzaqlaşdırmaq istəyir”.