Putin hərbi sistemdə təmizləmələr aparır – İstefaları sürətləndirir !


“Şimal qonşumuzun hüquq -mühafizə orqanlarında ciddi korrupsiya halları var”

“Ona görə də Prezident bu haqda məlumat aldıqca həmin generalları istefaya göndərir”


Rusiya Prezidenti Vladimir Putin İstintaq Komitəsinin 3 generalı və bir polkovnikinin vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. Bunlar İstintaq Komitəsinin Nəqliyyat üzrə Moskva Regionlararası İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Sergey Vazyulin, İrkutsk vilayətinin İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Andrey Bunev, Kuban istintaq şöbəsinin rəhbəri ədliyyə general-leytenantı Vadim Buqaenko və Baş İdarə rəisi polkovnik Rif Qayututdinovdur. 

Məlumata görə, onların hər biri öz arzusu ilə istefa ərizəsi yazıb. Lakin bu faktın nə qədər həqiqi olduğunu söyləmək çətindir. Görünür, 4 vəzifəli şəxsin işdən azad edilməsində başqa məqamlar var.

Rusiyadakı kadr islahatlarını “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Prezidenti ara-sıra bu cür istefaları sürətləndirir. Analitikin sözlərinə görə, bu istefalar əsasən hərbçilər arasında baş verir:

“Rusiyadakı istefaların bir neçə səbəbi var. Ən birinci səbəb odur ki, Rusiyanın hərbi sənaye kompleksində, hüquq mühafizə orqanlarında geniş korrupsiyalar yayılıb. Dəfələrlə müxtəlif generallar həbs olunub. Hətta bir neçə il öncə Rusiyanın keçmiş müdafiə naziri belə korrupsiya ittihamı ilə bağlı prokurorluğa çağırıldı. Yəni Rusiyanın hüquq -mühafizə orqanlarında bu səviyyədə korrupsiya var. Ona görə də Prezident bu haqda məlumat aldıqca həmin generalları istefaya göndərib. Təbii ki, onların hamısını həbs etmək mümkün deyil. Bu, Rusiyanın imicinə də mənfi təsir edə bilər. Görünür, Putinin hüquq- mühafizə orqanlarında və orduda durumun necə olmasına dair məxfi məlumatları var. Əlbəttə, daha çox korrupsionerlər həbs olunur. Amma digər şəxslər istefaya göndərilir”.



E.Şahinoğlunun qənaətincə, istefanın digər səbəbi Putinin kadrlarda gəncləşməyə ehtiyac duyması ilə bağlı ola bilər:

“Putin yeni kadrları irəli çəkmək istəyir ki, onlar hüquq- mühafizə orqanlarında, orduda islahatları sürətləndirə bilsinlər”.