Gürcüstandakı soydaşımız: “Buradan Ermənistana bircə güllə patronu da keçmir” - İcazə verilmir! 

“Gürcüstan dövləti və xalqı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”

“Burda böyük qarşıdurmalara səbəb ola biləcək  provokasiyalar törədilir.Amma biz soyuqqanlı davranırıq”

“Düşmənin məkrli siyasətinə getməməyə, Azərbaycanda baş verən hadisələri Gürcüstana daşımamağa, bura qan gətirməməyə çalışırıq”

Dünən Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Dövlət başçısı cavablarında bir sıra mühüm məqamlara toxunub. Ölkə başçısı, həmçinin Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb. O bildirib ki, bu iki ölkə strateji tərəfdaşdır: “Azərbaycanla Gürcüstan birlikdə regionun və daha geniş coğrafiyanın inkişafını şərtləndirən mühüm enerji və nəqliyyat layihələri reallaşdırıblar. Bunların arasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars və s. xüsusi əhəmiyyətə malik layihələrdir”.


Qeyd edək ki, Gürcüstan indi Azərbaycanda baş verən hadisələri, o cümlədən Dağlıq Qarabağ müharibəsini də yaxından izləyir. Odur ki, “Sherg.az” olaraq Gürcüstanda yaşayan soydaşımız, “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərovla davam etməkdə olan proseslərlə bağlı müzakirə apardıq:

- Gürcüstan daxilində Dağlıq Qarabağ savaşına münasibət necədir?

- Gürcüstan dövləti və xalqı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bildiyiniz kimi, indi ancaq Gürcüstan ərazisindən keçməklə Ermənistana silah daşına bilər. Amma bu da mümkün deyil.

- Niyə qeyri-mümkündür?

- Mən Gürcüstanla Ermənistan arasındakı sərhəddə yaşayıram. Görürəm və müşahidə edirəm ki, çox ciddi nəzarət var. Düşmən ölkəyə bircə güllə patronunun da keçirilməsinə icazə verilmir.

- Ayrı-ayrı ölkələrdə yaşayan ermənilər pozuculuq fəaliyyəti ilə məşğuldurlar. Gürcüstanda vəziyyət necədir?

- Burda da çoxlu təxribatlar olur. Hətta böyük qarşıdurmalara səbəb ola biləcək  provokasiyalar törədilir. Amma biz soyuqqanlı davranırıq. Düşmənin məkrli siyasətinə getməməyə, Azərbaycanda baş verən hadisələri Gürcüstana daşımamağa, bura qan gətirməməyə çalışırıq. Hökumətin yeganə tələbi də budur. Çünki Azərbaycan əleyhinə imic yaratmaq istəmirik.

- Sizcə, budəfəki müharibənin nəticəsi necə olacaq?

- Əlbəttə, Azərbaycan sülh istəyir. Biz qan tökülməsini arzulamırıq. Amma otuz il səbr etsək də, bunun heç bir nəticəsini görmədik. Odur ki, Azərbaycan dünya güclərinin yalan vədlərinə inanmadan yoluna davam etməlidir. Bu yol bütöv Azərbaycan yoludur. Həm də prezidentin təbirincə desək, indi nə status-kvo var, nə də təmas xətti.

- Bəs sülhə cəhdlər...?

- Qurulan bütün masalar işğalı möhkəmləndirmək üçündür. Bunu bilməliyik. İnanıram ki, Azərbaycan apardığı haqq savaşında ən yaxın zamanda qalib gələcək. Beləliklə, Şuşanın Xankəndinin bizim üçün Bakıdan, Gəncədən heç bir fərqi olmayacaq.