"Gürcü ordusu"nun üçüncü qalibiyyəti

"Gürcü xalqı və Qərb Saakaşvilinin hakimiyyətə qayıdışına hazır deyil"


Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri ilk dəfə yeni sistem üzrə keçirilib. 120 deputat proporsional sistem üzrə, yalnız 30 deputat majoritar sistem üzrə seçilib. 150 deputat yeri uğrunda 48 partiya və iki blok mübarizə aparıb. Seçkidə iştirak 56 faiz təşkil edib. İlkin rəsmi nəticələrə görə, iqtidar partiyası olan “Gürcü arzusu” 50 faizə yaxın səs toplayaraq ölkənin seçki tarixində üçüncü dəfə parlament marafonunun qalibi olmağı bacarıb.

Ümumilikdə parlamentə daxil olmaq üçün lazım olan 1 faizlik baryeri doqquz partiya keçib. Lakin gözlənildiyi kimi birləşmiş müxalifətin liderlərindən əksiriyyəti nəticələri qəbul etmirlər. Onlar seçki nəticələrini saxtalaşdırılmış hesab edir və yeni parlament seçkilərinin keçirilməsini istəyirlər. Birləşmiş müxalifətin Vahid Milli Hərəkat bloku isə 26 faiz səslə kifayətlənib və etiraz aksiyalarına başlayacağını deyib. Yeni seçki təyin edilməzsə, birləşmiş müxalifətin seçilmiş parlamenti boykot etməsi ehtimalı haqda da danışılır. 

Qonşu ölkədə baş tutan seçkini “Şərq”ə şərh edən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstandakı seçkilər Qarabağda aparılan uğurlu hərbi əməliyyatlara maraqlı dövlətlərin diqqəti kəsildiyi bir dönəmdə keçirildi. Analitikin sözlərinə görə, seçkilərin nəticələri göstərdi ki, ölkə əhalisinin bir qismi mövcud siyasi hakimiyyətin qalmasında maraqlıdır:

“Baxmayaraq ki, müxalifət seçkilərdə saxtakarlığın olduğunu iddia edir. Amma gürcü xalqı və Qərb növbəti dəfə Saakaşvilinin  hakimiyyətə gəlməsinə hazır deyil. Həm Azərbaycan, həm də Gürcüstan Qərb üçün xüsusi strateji tərəfdaşdır və burada baş verən siyasi proseslər daima diqqət mərkəzindədir. Hazırda region həlledici mərhələdən keçir və burada davam edən siyasi-hərbi proseslər Rusiya və Qərbin maraq toqquşması müstəvisində yaşanır. Bölgənin yeni oyunçusu Türkiyədir. Türkiyə tam şəkildə Azərbaycan və Gürcüstanla birgə siyasi platforma üzərində çalışır. Qərb və Rusiya regionu itirməmək və öz maraqlarını qorumaq üçün çalışır. Burada əsaslı uduşlu tərəfin Ankara olacağı şübhəsizdir”. 

Politoloq vurğulayıb ki, “Gürcü Arzusu” partiyasının hakimiyyətdə qalması Gürcüstan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətdə davam etməsini şərtləndirəcək:

“Gürcüstanda Saakaşvili dönəmi başa çatıb və müxalifətin etiraz aksiyaları heç də ölkədə inqilabi dəyişikliklərə gətirməyəcək. Bundan sonra da rəsmi Tiflis Rusiya ilə əlaqələrdə problemlərə getməyəcək.

Buna baxmayaraq, NATO-ya inteqrasiya prosesi davam edəcək. Gələn il rəsmi Tiflis Abxaziya və Cənubi Osetiyasız Alyansa qəbul edilməklə, Gürcüstanın təhlükəsizliyini təmin edə bilər.

Azərbaycanın Qarabağda uğurlu hərbi əməliyyatları və ərazi bütövlüyünü təmin etməsi Tiflis üçün də separatizm və işğala qarşı əlavə üstünlük qazandıracaq. Ermənistan üzərində tam hərbi üstünlüyümüz Gürcüstanın sərhəddə “Keşikçidağ” məsələsində mövqeyini kifayət qədər zəiflədəcək.

Gürcüstan Azərbaycan və Türkiyənin ortaq maraqları çərçivəsində addımlamağa məcburdur. Lakin qonşu ölkənin Rusiya-Ermənistan tandemində yer alması ölkədə siyasi sabitliyin pozulmasına gətirə bilər”.