Türkiyə rəsmiləri də rus sülhməramlılarının qanunsuz əməllərini tənqid etməlidir - Politoloq 

"Ölkə ictimaiyyətinin əksəriyyəti rus sülhməramlılarının Qarabağa gəlişinə ilk gündən etiraz edirdi, doğru da çıxdı

“Rusiya heç bir vaxt bağladığı, imza atdığı sənədə sadiq qalmayıb. Əbəs deyil ki, çeçen mücahid Şamil Basayev Rusiya ilə imzalanmış sənədi, “suya yazılmış yazı” kimi səciyyələndirmişdi”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Qasımov deyib. 

Analitik bildirib ki, Rusiya müqavilələri öz istəyinə nail olmaq üçün bir vasitə, tramplin hesab edir: 

“Rusiya asanlıqla digər dövlətlərin daxili işlərinə müdaxilə edir. Ölkə ictimaiyyətinin əksəriyyəti rus sülhməramlılarının Qarabağa gəlişinə ilk gündən etiraz edirdi. Rusiyanın öz məkrli siyasətini həyata keçirmək üçün fəaliyyət göstərdiyini bildirirdi. Artıq bu tipli xəbərdarlıqlar özünü doğrultmaqdadır. Əgər dövlət başçısı müqavilədən iki ay sonra sülhməramlıların fəaliyyətindən narazılıq ifadə edirsə, deməli narahatlığa əsas var. O səbəbdən Türkiyə hərbçiləri ilə birgə hərəkət etməyimiz, rus qoşunlarının özbaşınalığına birlikdə cavab verməyimiz mütləqdir. Türkiyə rəsmiləri də rus sülhməramlılarının qanunsuz əməllərini tənqid etməlidir. İndiki durumda ciddi effekt verməsə də, müəyyən çəkindirici təsiri ola bilər. Çünki Rusiya qoşunları artıq Qarabağda olduğu üçün onların fəaliyyətinin qarşısını almaq praktiki olaraq çətindir. Ancaq xalqın birliyi və yekdil olması ilə bu bəlanı dəf edəcəyimizə ümid edirəm”.