Ermənistan məğlubdur, söz sahibi deyil

Bundan sonra bölgədə yeni reallıqlar Azərbaycan və Rusiyanın qərarları ilə işləyəcək


Azərbaycan, Rusiya və Ermənistan hökumət başçılarının 11 yanvarda keçirilən üçtərəfli görüşündə nəqliyyat kommunikasiyalarının açılması da müzakirə mövzusu olub. 

Hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aiddir. Bu səbəbdən dövlət başçılarının imzaladığı bəyanatın böyük əhəmiyyəti var. Eləcə də sözügedən sənədin imzalanması regionun inkişafına böyük dinamizm və təhlükəsizlik vəd edir.

Prezident İlham Əliyevin də dediyi kimi, ermənilərin Azərbaycanla etdikləri düşmənçilik siyasəti onları bir çox beynəlxalq layihələrdən və iqtisadi gəlirlərdən məhrum edib. İndi isə görünür ki, Ermənistan tərəfi bəyanatdan dərhal sonra işlərə başlayıb. Onlar Azərbaycan tərəfi ilə qarşılıqlı əlaqələr qurmaq üçün hər cürə səy göstərirlər.     

 Bunun əyani  sübutu olaraq ermənilərin hazırladığı yeni yol lövhəsini misal çəkə bilərik. Belə ki, Ermənistanın Tavuş vilayətinin Aygepar kəndi yaxınlığında Azərbaycanın Şəmkir, Gəncə və Bakı kimi iri şəhərlərə qədər olan məsafənin qeyd olunduğu yol lövhəsi quraşdırılıb. Qeyd edək ki, ermənilər həmin lövhənin şəklini "yeni reallıq" başlığı ilə paylaşırlar. 

Mövzu ilə bağlı politoloq Tofiq Abbaslı "Şərq"ə fikirlərini bildirib: "Üçtərəfli keçirilən görüşdən çox böyük gözləntilər var idi. Bu, əsasən, Azərbaycan və Rusiya arasında gedəcək danışıqlara köklənmişdi. Çünki tək ona görə yox ki, Ermənistan məğlub olmuş tərəfdir, həm də o, təşəbbüskarlığını itirmiş dövlətdir. Digər tərəfdən isə onun ixtiyarı və imkanları öz əlində deyil.

Ermənistanın hüququ xarici qüvvələrin əlindədir, Rusiyadan vassal asılılığındadır və s. bunların hamısı bəllidir. Ona görə də Azərbaycan və Rusiya arasında gedən danışıqlar onların maraq dairəsini daha çox formalaşdırır. Bu baxımdan iqtisadi məqamların önə çıxarılması təbiidir. İlk növbədə regionun logistik formada kommunikasiya imkanları genişlənəcək. 

Biz bilirdik ki, Ermənistan regionda öz rolunu oynayıb bir çox layihənin qarşısını alırdı. Ancaq dünənki bəyanat, digər tərəfdən Nazirlər Kabinetində komissiyanın yaradılması və baş nazirlərin bir araya gəlməsi xəbər verir ki, bir çox problem aradan qaldırılacaq. Məsələn, Naxçıvanın blokadadan çıxarılması təmin olunacaq, Türkiyə ilə Rusiya arasında birbaşa nəqliyyat vasitəsi olacaq və s. 

Bu baxımdan, təkcə nəqliyyat, rabitə və kommunikasiya deyil, eləcə də yeni bir əməkdaşlıq platforması yaradılır. 

Onu da deyim ki, Ermənistanda ilk olaraq hakimiyyətə hansı qüvvələrin gələcəyi, özlərini necə nizam-intizama salacaqları ikinci məsələdir. Amma bundan sonra daha onları heç kim gözləməyəcək". 

Politoloq ermənilərin hazırladığı yol lövhəsi ilə bağlı fikirlərini də bölüşüb:

"Onların bu plakatları heç bir şey vəd etmir. Bilirsiniz, sirkə nə qədər tünd olsa öz qabını yandırır. İndi  onlar bütün imkanlarını itiriblər. 1990-cı illərin əvvəllərində müvəqqəti "uğur" əldə etmişdilər deyə onun eyforiyasına qapılıb yaşayırdılar. Ona görə də onlar 30 il idi ki,  qəflət yuxusunda idilər. Arxayınlaşdıqları üçün də sözün əsl mənasında Azərbaycanın güdazına getdilər. 

44 gün ərzində əldə edilmiş qələbə bir daha onu sübut etdi ki, Azərbaycan nə qədər mütləq qalibdirsə, Ermənistan da bir o qədər məğlubdur. Məhz buna görə də biz gördük ki, V.Putinin də Paşinyana münasibəti çox səthi idi. Həmişə diqqət mərkəzində qaliblərin sözü və onların mövqeyi olur. Məğlub olanlar isə həmişə kölgədə qalırlar. 

İndi ermənilər öz ölkələrində hansı plakatı düzəldib, yazıb necə istifadə edirlərsə etsinlər. Bu onların öz işidir. Əgər etdikləri onlar üçün təskinlik gətirirsə, etsinlər. Lakin bölgədə yeni geosiyasi və hərbi reallıq formalaşır. Bu da şübhəsiz ki, Azərbaycanın xeyrinədir".

Ağarza Elçinoğlu