Lavrovun arzu və istəklərinin Bakıya heç bir aidiyyəti yoxdur
Sərhədlərimiz daxilində bütün qərarları Azərbaycan verəcək
"Rəsmi Bakı “statusun” müzakirə olunacağı hər hansı görüşdə iştirak etməyəcək"
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ermənistan mediasında hərarətlə müzakirə olunan Dağlıq Qarabağın “statusu” məsələsinə aydınlıq gətirib. 2020-ci ilin yekunlarına dair mətbuat konfransı keçirən XİN rəhbəri deyib ki, “status”la bağlı məqam üçtərəfli Bəyanata şüurlu şəkildə salınmayıb. Onun sözlərinə görə, Qarabağın ermənilər yaşayan bölgəsi Rusiya sülhməramlı kontingentinin cavabdehliyində olan zonadır: “Bakı və İrəvanla təmaslarımızda məhz bundan çıxış edirik. Dağlıq Qarabağın statusu məsələsi ziddiyyətlidir.
Üç lider tərəfindən qərar verilib ki, bu məsələ bir tərəfə qoyulsun, sonraya, gələcəyə saxlanılsın, bununla ATƏT-in Minsk qrupu həmsədrləri məşğul olmalıdırlar”. Lavrov Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinə də münasibət bildirib. Mətbuat konfransında APA-nın Moskva müxbirinin “Azərbaycan tərəfi Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfər etməsinə etiraz edir. Rusiya sülhməramlıları bu məsələni necə nizamlayacaq” sualına cavabında nazir bu gediş-gəlişdə problem görmədiyini söyləyib.
XİN başçısı vurğulayıb ki, 10 noyabr Bəyanatında Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi ilə Ermənistanla Dağlıq Qarabağ arasındakı əlaqənin təmin olunacağı öz əksini tapıb. Lavrovun qənaətincə, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni heç kim heç vaxt inkar etməyib: “Məhz buna görə Laçın dəhlizi konsepsiya kimi heç kim tərəfindən inkar edilməyib. Ona görə də bu, azərbaycanlı qonşularımız da daxil olmaqla bütün tərəflərin razılığının predmetidir. 10 noyabr bəyanatında Laçın dəhlizinə paralel olaraq yeni dəhlizin, eyni zamanda Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin yaradılması da əksini tapıb. Ermənistan rəsmiləri Dağlıq Qarabağdakı humanitar fəaliyyətə cəlb olunub. Ona görə də bu əlaqələrə mane olmaq üçün bir səbəb görmürəm”.
Bununla yanaşı, Lavrov Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə qatmaq niyyətində olmadığını da bildirib. XİN rəhbəri qeyd edib ki, Dağlıq Qarabağın müstəqilliyini heç kim, o cümlədən Ermənistan özü də tanımayıb: “Bizim isə buna yaxın fikrimiz belə yoxdur. Hesab edirik ki, regionun bütün məsələləri burada yerləşən ölkələr tərəfindən, ilk növbədə Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Biz bu cür həll yolunu tapmağa yardım etməyə davam edəcəyik. Bu həll regionda sülhü və təhlükəsizliyi, ən əsas da burada hər zaman yaşayan insanların təhlükəsizliyini təmin edəcək”.
Lavrov Ermənistan rəsmilərini Qarabağda siyasi bəyanatlar verməkdən çəkinməyə çağırmağı da unutmayıb. Nazir vurğulayıb ki, erməni rəsmilərinin Qarabağla bağlı olduqca siyasiləşmiş bəyanatlar verməsi gərginlik yaradır. Baş diplomatın fikrincə, bu cür bəyanatlar verməkdən qaçmaq daha yaxşı olar: “44 günlük müharibə başlanana qədər bu cür bəyanatların şahidi olduq. “Yeni müharibə, yeni ərazilər” kimi emosional bəyanatların nəticəsini gördük. İndi Azərbaycan və Ermənistan rəhbərliyi arasında təmasların qurulmasına, tərəflər arasında etimad mühitinin yaranmasına diqqət yönəltməliyik. Bu, 11 yanvar Moskva görüşünün əsas məsələlərindən biridir. Ümid edirəm, emosiyalar ikinci plana keçəcək. İndi Dağlıq Qarabağın “statusu”nun prioritet məsələ kimi irəli sürülməsi üçün uyğun vaxt deyil”.
Hər zaman olduğu kimi Rusiya xarici işlər naziri yenə iki tərəfə oynayıb. Nazir həm Yerevana, həm də Bakıya hesablanmış bəyanatlar səsləndirib. Lakin XİN rəhbərinin Dağlıq Qarabağ barədə bəzi fikirləri Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Ələlxüsus, Lavrovun “status” məsələsini yenidən gündəmə gətirməsi və Ermənistan rəsmilərinin Qarabağa sərbəst gəliş-gedişinin normal olduğunu iddia etməsi cəmiyyətdə narazılıq yaradıb.
Azərbaycanın zəfəri ilə yekunlaşan 44 günlük haqlı savaşımız diplomatiya meydanında da uğura çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyev işğala əsaslanan status-kvonu dəyişdirdi. Dövlət başçısı öz prinsipiallığını və qəti əzmini dünyaya nümayiş etdirərək böyük güclər və Ermənistanın havadarları tərəfindən olan təzyiqlərin öhdəsindən layiqincə gəlməyi bacardı. Döyüş meydanında məğlubiyyətini dərk edən Yerevan bəyan edilən şərtləri çarəsiz şəkildə qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu. Ən əsası isə separatçıların “respublika” və “status” xəyalları birdəfəlik puç oldu. Ölkə rəhbəri İlham Əliyevin də bəyan etdiyi kimi Dağlıq Qarabağın “status” məsələsi müzakirə mövzusu deyil və heç vaxt da olmayacaq. Prezidentin öz təbiri ilə desək, “status cəhənnəmə getdi, gora getdi, gorbagor oldu”. Dövlət başçısı dəfələrlə açıq şəkildə vurğulayıb ki, nə qədər ki, o prezidentdir, “status” olmayacaq.
Prezident İlham Əliyev Şuşa səfərində də məsələyə yenidən toxundu və bildirdi ki, ermənilərin çirkin əməlləri həyata keçmədi və keçməyəcək:
“Qondarma “parlament” də gorbagor oldu, “status” da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”. Ölkə başçısı Dağlıq Qarabağın “status” məsələsinin onun gündəliyində olmadığını Moskvada keçirilmiş görüşdən sonra bir daha vurğulamış oldu. Xatırladaq ki, həmin görüşdə Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın “status”nun hələ də həll olunmadığını dilə gətirmişdi. Halbuki, Azərbaycan tərəfi İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra “status”un müzakirə predmeti olmayacağını dəfələrlə bəyan edib. Yerevan isə hələ də bu məsələni öz gündəliyindən çıxarmadığını bildirib. Ermənistan Xarici işlər naziri Ara Ayvazyan Qarabağ münaqişəsinin tənzimlənməsinin “erməni xalqının öz müqəddəratını təyin etməsinə əsaslandığını” söyləyib. Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatı “Ermənistan xarici işlər nazirinin əsassız iddiası” adlandıraraq, Prezidentimizin “status”u tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırladıb.
Dövlət başçısı İlham Əliyev Ermənistan rəsmilərinin Qarabağa qanunsuz səfərlərinə də sərt etirazını bildirib. Ölkə rəhbəri bu cür qanun pozuntularının ciddi nəticələrinin olacağı barədə Ermənistana xəbərdarlıq edib. Yəni Lavrov erməni rəsmilərinin Azərbaycan torpaqlarına gəliş-gedişini “normal” saysa da, rəsmi Bakının bu məsələ ilə bağlı konkret mövqeyi də ortadadır.
Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev “Şərq”ə deyib ki, Rusiya xarici işlər nazirinin yanaşması birbaşa Kremlin mövqeyi deməkdir. Deputatın sözlərinə görə, mütəmadi Prezident Vladimir Putinlə görüşən Sergey Lavrov ümumən Moskvanın proseslərə baxışını ifadə edir. Lakin parlament üzvünün fikrincə, bəzi məsələlərdə Rusiyanın xarici işlər naziri emosiyalarını saxlaya bilmir:
“XİN başçısı özünün şəxsi düşüncələrinin 20-30 faizini rəsmi bəyanata əlavə etməyi unutmur. Azərbaycan birmənalı olaraq öz sərhədləri daxilində istənilən qərarı verə bilər. Lavrovun arzu və istəklərindən asılı olmayaraq, sərhədlərimiz daxilində bütün qərarları Azərbaycan verəcək. Qəti qərarımız artıq ölkə rəhbərliyi və cənab Prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilib. Rəsmi Bakının mövqeyi dəyişməzdir. Məncə, Rusiya xarici işlər naziri bu cür məsələləri dilə gətirməklə Azərbaycan ictimaiyyətinin nəbzini yoxlamaq niyyəti güdür. Moskva görmək istəyir ki, Azərbaycan hökuməti və ictimaiyyəti “status” məsələsinə necə reaksiya verəcək. Bu cür həssas məsələlərdə iqtidarın, müxalifətin və bütövlükdə xalqın mövqeyi bəllidir. Lavrovun dedikləri Azərbaycan üçün əsas ola bilməz. Rəsmi Bakı “statusun” müzakirə olunacağı hər hansı görüşdə iştirak etməyəcək”.
R.Nurullayev qeyd edib ki, Rusiya bölgədə sülhməramlı qüvvələrin qanuni missiyası çərçivəsində fəaliyyət göstərməlidir:
“Dağlıq Qarabağda son nöqtəni Azərbaycanın şanlı Ordusu qoyub. Bundan sonrakı danışıqlar prosesi bizim şərtlərimiz fonunda cərəyan edəcək. Digər əməkdaşlıq formalarının müzakirəsi üçün Ermənistana məxsus bütün silahlı qruplaşmalar, terrorçular Qarabağdan çıxarılmalı, Yerevan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını bildirməlidir”.
AMİP təmsilçisi, politoloq Əli Orucov da “Şərq”ə bildirib ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında səsləndirdiyi fikirlər narahatlıq doğurur. Partiya funksionerinin sözlərinə görə, əslində nazirin toxunduğu məqamlarla bağlı narahatlıq əvvəldən mövcuddur:
“Rusiya və ATƏT-in digər həmsədri Fransa “status” məsələsini yenidən aktuallaşdırmağa səy göstərirlər. Yaxud müəyyən müddət sonra yenidən qayıdacaqlarını şüurumuza yeridirlər. Problem ondadır ki, Rusiya sülhməramlılarının Qarabağda fəaliyyəti qənaətbəxş hesab olunmur və onların konkret fəaliyyəti müəyyənləşməyib.
Lavrov bəyan edir ki, sülhməramlıların nəzarət etdiyi bölgəyə dolayısı yolla cavabdeh Rusiyadır. Bu cür açıqlama diplomat üçün yolverilməzdir. Qarabağın bütün əraziləri birmənalı Azərbaycanın tabeçiliyində və nəzarətində olmalıdır. Beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərimizə yeganə cavabdeh rəsmi Bakıdır.
Rusiya sülhməramlılarının əsas missiyası atəşkəsə nəzarət funksiyasıdır. Azərbaycanın icazəsi ilə əlavə olaraq humanitar yardımların edilməsinə də imkan yaradılır. Ancaq sülhməramlılar səlahiyyətlərindən kənara çıxmamalıdır”.
Ə.Orucovun fikrincə, Rusiya XİN başçısının açıqlamasından belə çıxır ki, Yerevandan Qarabağa qanunsuz səfərlər məhz Moskvanın “icazəsi” ilə reallaşıb:
“Azərbaycan öz ərazilərinə icazəsiz giriş-çıxışlara niyə təmkinli yanaşmalıdır?! Lavrovun özbaşına bəyanatlar verməsi inandırıcı deyil. Məncə, bütün ifadələr Kremllə razılaşdırılmış şəkildə gündəmə gətirilir.
“Status” məsələsinin “dondurulması” mövqelərimizə ziddir. Növbəti üçtərəfli danışıqlarda ziddiyyətli bütün məqamlara tam aydınlıq gətirilməlidir.
Rəsmi Bakı daha sərt mövqe ortaya qoymalı, ən əsası isə Türkiyə ilə hərbi müttəfiqliyi inkişaf etdirməlidir”.