Türkmənistanla memorandum anlaşması hər birimizi sevindirməlidir
"Burada Azərbaycan dövlətinin apardığı təmkinli və sakit, eyni zamanda bölgənin gələcəyinə yönəlik siyasəti mühüm rol oynayır"
Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının karbhidrogen ehtiyatlarının birgə işlənməsi ilə bağlı imzalanan Memorandum olduqca mühüm hadisədir . Bu anlaşma istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir. Həm də bütövlükdə Xəzər ekvatoriyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platformasının yaradılması deməkdir.
Məsələ ondadır ki, Türkmənistan və Azərbaycanın dəniz sərhədlərinin kəsişməsində yerləşən yataqlar çox da uzaq olmayan keçmişdə bəzi mərkəzlər tərəfindən siyasi istismar mövzusuna cevrilirdi. Həmin dairələr “mübahisəli yataq” məsələsini ortaya ataraq, Azərbaycanın Türkmənistanla daha sıx əməkdaşlığının qarşısını alır, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin genişləndirilməsinə mane olurdular. Ancaq ikitərəfli Memorandum bədniyyətli qruplaşmaların bütün fəaliyyətini neytrallaşdırdı.
Böyük tarixi əhəmiyyət kəsb edən anlaşma ilə bağlı “Şərq”ə danışan millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, uzun müddət Azərbaycanla Türkmənistan arasında müəyyən ziddiyyətli məqamlar var idi. Deputat xatırladıb ki, türkdilli ölkələrin formalaşdırdığı birliklərə, keçirilən tədbirlərə Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyə qatılırdı. Daha sonra Özbəkistan da türk birliyinə qoşuldu:
“Son zamanlar Türkmənistan təmsilçiləri də bu və ya digər formada türk dövlətlərinin birgə forumlarında iştirak edirdi. Türkmənistanın nisbətən uzaq qalmasının müəyyən səbəbləri var idi. Ola bilsin, bu, ölkənin müstəqillik dövründən sonra tutduğu mövqedən asılı idi. Bəlkə, ilkin mərhələdə proseslərə qoşulmama qərarı almışdılar. Digər səbəb isə Xəzər dənizində mübahisəli enerji yataqlarının bölünməsi ilə bağlı idi. Xəzər dənizinin statusu ilə bağlı qeyri-müəyyənlik də münasibətlərdə problemlərə səbəb olurdu. Amma tədricən ziddiyyətlər aradan qalxmaqdadır. Şübhəsiz, burada Azərbaycan dövlətinin apardığı təmkinli və sakit, eyni zamanda bölgənin gələcəyinə yönəlik siyasəti mühüm rol oynayır. O mənada Türkmənistanla “Dostluq” yatağının birgə işlənməsi son dərəcə önəmlidir. Azərbaycanın enerji sahəsində təcrübəsi böyükdür. Dənizin ən dərin qatlarında özüllər, platformalar qurur və onları sahillə əlaqələndiririk. Bu da Türkmənistana xeyir gətirən vacib məqamlardan biridir. Mümkündür ki, dənizdəki yataqdan çıxarılan ehtiyatlar geriyə, Türkmənistana deyil, birbaşa Avropaya daşınsın. Bu da Türkmənistan üçün əlavə imkandır. Memorandum hər birimizi sevindirməlidir. Çünki bu anlaşma normallaşan əlaqələrə daha bir nəfəs gətirəcək. Ən əsası isə bu sayədə Türkmənistan da türk birliyinin inkişafında daha yaxından iştirak edəcək və öz töhfəsini verəcək”.
İsmayıl Qocayev