Birlik möhkəmlənir: "Qarabağ “düyün”ü açıldı, üfüqlər genişləndi”

“Xəzər dənizinin beynəlxalq hüquqi statusunun həll olmaması da türk dövlətlərinin birləşməsinə mane olurdu"

“Azərbaycanla Türkmənistan “Dostluq” yatağı ilə bağlı ortaq məxrəcə gəlməyə nail olmağı bacardı”

“Rusiya faktoru da Türkiyənin MDB Türk dövlətləri ilə münasibətlərinin qarşısını alırdı”

“Qardaş Türkiyə də bilirdi ki, türkdilli dövlətlərin həmrəyliyinə aparan yol Azərbaycanın ərazi bütövlüyünün  bərpa edilməsindən  keçir”


Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentlərinin Zirvə görüşü keçiriləcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanın XİN rəhbəri Rəşid Meredovla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Hörmətli Prezident Berdiməhəmmədov Prezidentimizlə telefon danışığı zaman Türkmənistana dəvət etdi. Bunun tarixini qardaşım Meredov ilə qiymətləndirdik. İnşallah, iyun-iyul aylarında ikili zirvə baş tutacaq. Eyni zamanda o ziyarət çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan üçlü zirvə görüşünü də keçirməyi planlaşdırırıq",-deyə Çavuşoğlu qeyd edib.

Çavuşoğlu bu görüşlərdə bir sıra müqavilələrin imzalanacağını, beləliklə, ölkələr arasındakı münasibətlərin bünövrəsinin daha da güclənəcəyini qeyd edib. Son proseslər, o cümlədən İkinci Qarabağ müharibəsindən sonra türk dövlətlərinin əməkdaşlığı, bir-biriləri ilə daha çox yaxınlaşması, əlbəttə, arzuolunandır. Bu, onu deməyə əsas verir ki, bizim Avropa Birliyinə, ya da hansısa regional təşkilata ehtiyacımız yoxdur. Başqa sözlə, gələcəkdə türk dövlətlərindən ibarət vahid qurumun yaradılması realdır.



BDU-nun professoru, politoloq Əlimusa İbrahimov bu barədə “Sherg.az”a danışdı. Onun fikrincə, sözügedən yaxınlaşmada Qarabağ məsələsinin həll olunması mühüm rol oynadı: 

“Türkiyə SSRİ-nin dağılmasının ardınca MDB məkanındakı türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsinə ciddi diqqət yetirmişdi. Qardaş ölkə bütün sahələrdə bu respublikaların inkişaf etməsinə köməyini əsirgəməmişdir. O zaman əsas məqsəd Rusiyanın həmin respublikalar üzərindəki təsirini azaltmaq , asılılığı ən aşağı səviyyəyə endirmək idi.

Təəssüf ki, ilk zamanlar daxili və xarici faktorların təsiri altında MDB məkanında yeni yaradılmış türkdilli dövlətlər həm Türkiyə ilə, həm də öz aralarında yüksək səviyyədə əməkdaşlıq etməyə nail ola bilmirdilər.

Respublikaları yaxınlaşmağa qoymayan bir neçə səbəb var idi. Azərbaycan-Ermənistan müharibəsi bu amillərdən idi. Məlum olduğu kimi, SSRİ-dən ayırılan müsəlman və türk respublikalarının heç də hamısı Ermənistanla müharibədə Azərbaycanın yanında yer tuta bilmirdi.

Onlar sözdə Azərbaycanın ədalətli mövqeyini müdafiə etsələr də, əməldə Azərbaycana zəruri dəstəyi verməyi bacarmırdılar.  Eyni zamanda Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü hesabına həll edilmədən ümumtürk birliyinə nail olmağın qeyri- mümkünlüyünü Türkiyədə də başa düşürdülər. Buna görə Türkiyə ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad olunmasını vacib sayırdı. Deməli, qardaş ölkədə haqlı olaraq düşünürdülər ki, türkdilli dövlətlərin həmrəyliyinə aparan yol Azərbaycanın ərazi bütövlüyünün  bərpa edilməsindən  keçir”.

Ə. İbrahimov, həmçinin digər məqamları da açıqladı:

 “Xəzər dənizinin beynəlxalq hüquqi statusunun həll olmaması da regiondakı türk dövlətlərinin birləşməsinə mane olan amillərdən idi. Rusiya faktoru da Türkiyənin MDB Türk dövlətləri ilə münasibətlərinin qarşısını alırdı.44 günlük müharibə başa çatdıqdan və Azərbaycan işğal altındakı torpaqlarını azad etdikdən sonra birlik, əməkdaşlıq və həmrəylik üçün yeni üfüqlər açıldı. İndi həm Türkiyə, həm də Azərbaycan türk dövlətlərinin əməkdaşlığını gücləndirmək üçün var qüvvə ilə fəaliyyət göstərə bilər. 

Bu istiqamətdə ilk addımı rəsmi Bakı atdı.  “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” anlaşma memorandumu imzalandı. Həmin hadisəni birmənalı olaraq tarixi əhəmiyyətli hadisə adlandırmaq olar.

Son vaxtlaradək  Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu  yataq Xəzər dənizində iki ölkə arasında mübahisə obyekti idi. Yatağı SSRİ dövründə Azərbaycan neftçiləri kəşf ediblər. 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Aralıq” adlandırılıb.

“Dostluq” 1990-ci illərin ortalarından başlayaraq iki ölkə arasında mübahisə predmeti olsa da, uzun illərin danışıqlarının nəticəsində tərəflər ortaq məxrəcə gəlməyə nail olmağı bacardı. Türkmənistanda Qurbanqulu Berdiməhəmmədovun hakimiyyətə gəlişindən sonra iki ölkə liderləri arasında bütün istiqamətlərdə ardıcıl dialoqa start verildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana 28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana 19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il səfərləri iki dövlət arasında bütün məsələlərdə gələcəyə hədəflənən strateji əməkdaşlığı gücləndirmiş oldu”.

 Professor, həmçinin türk dövlətlərinin gələcək inkişaf perspektivlərinə inamını ifadə etdi:

“Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində birgə əməkdaşlıq haqqında memorandum imzalanması hər iki dövlətin mənafeyinə xidmət edən əhəmiyyətli addım oldu. Eyni zamanda digər türkdilli dövlət üçün də mübahisələrin dinc yolla həll edilməsi sahəsində örnək rolunu oynadı.

Beləliklə,  Azərbaycan Türkiyə ilə birlikdə türk dövlətləri arasında  əməkdaşlığın  inkişafı naminə öz töhfələrini verir. Hələ qarşıda fəth ediləcək zirvələr daha çoxdur. İnanırıq ki, türk dövlətləri inamla bu zirvələrin pik nöqtəsinə qədər yüksələ biləcək”.