Ukraynanın “səbr kasası” dolub: “Müharibə ehtimalı çoxdur” – Vaxt açıqlandı ! 

“Rəsmi Kievə ciddi beynəlxalq dəstək var”

“Xüsusilə ABŞ prezidenti Co Bayden işğala məruz qalan tərəfə dəstəyini açıq ifadə edir”

“Ən nəhayət, beynəlxalq hüquq heç bir halda Kremlin siyasətini dəstəkləmir” 



Rusiya ilə Ukrayna arasında münasibətlər gərginləşməkdədir. Müxtəlif iddialara görə Kreml Qarabağ ssenarisini Donbasda  təkrarlamaq, burada da əslində seperatçılıqla məşğul olan “sülhməramlılar” yerləşdirmək istəyir. İkinci bir tərəfdən isə Ukraynanın davam etdirdiyi hərbi təlimlər onu deməyə əsas verir ki, “daş qayaya rast gəlib”. Görünür, Ukraynanın “səbr kasası” dolub və daha işğala dözmək fikri yoxdur. Yəni tərəflər arasında müharibənin başlanması an məsələsidir.

Bu barədə “Sherg.az” a danışan politoloq Natiq Mirinin fikrincə, müharibənin start götürməsi ehtimalı çoxdur: 

“Son Qarabağ savaşında Azərbaycanın qazandığı uğur postsovet ölkərinə bir növ nümunə oldu. Bizimlə eyni taleyi yaşayan ölkələr, o cümlədən Ukrayna həm ilhamlandı, hm də təcrübəmizdən istifadə etdi.

Onlar çox qısa müddətdə hərbi əmliyyatlar yolu ilə tarixi  ədaləti bərpa etməyin mümkünlüyünü anladılar. İndi həmin dövlətlər bizim praktikamızı öyrənirlər.



Ukraynanın torpaqlarını azad etmək uğrunda mübarizəyə başlaması tam mümkündür. Birincisi, eyni ilə bizim kimi havada dominantlığı təmin etmək məqsədilə qardaş Türkiyədən PUA-lar alınır. Bu silahlar sürətli irəliləmək və quru qoşunlarının işini asanlaşdırmaq üçün xüsusi əhəmiyyətlidir.

İkincisi, Ukraynaya ciddi beynəlxalq dəstək var. Xüsusilə ABŞ prezidenti Co Bayden işğala məruz qalan tərəfə dəstəyini açıq ifadə edir. Daha konkret desək, ABŞ Rusiyanı Qara dənizdə neytrallaşdırmaqdan ötrü Ukraynadan geosiyasi alət kimi yararlanmaq istəyir.

Növbəti məqam isə relyeflə əlaqələdir. Qarabağ dağlıq ərazi idi və ermənilərin yüksəkliklərdə mövqe tutması bizim işimizi xeyli çətinləşdirirdi. Lakin Ukraynanın tapdaq altındakı torpaqlarının relyefi daha əlverişlidir.

Və, ən nəhayət, beynəlxalq hüquq heç bir halda Kremlin siyasətini dəstəkləmir. Bütün bunları nəzərə alaraq, Ukraynanın yaz aylarına doğru hərbi əməliyyatlara başlayacağını düşünürəm”.

N.Miri tərəflər arasındakı münasibətlərin dinc yolla həll olunacağını düşünmür:

“Məncə, Ukrayna prezidenti rusiyalı həmkarına görüş təklif edəcək. Bu, xəbərdarlıq xarakteri daşıyır. Amma Vladimir Putinin sülhə razı olacağı qənaətində deyiləm. Çünki ictimai narazılığın, iqtisadi böhranın artdığı bir vaxtda insanları ancaq belə kiçik “hərbi uğurlarla” aldatmaq olar. Yəni rəsmi Moskva geri çəkilməyəcək”.