Sərt reaksiya: “ATƏT “Mən burdayam”demək istəyir, amma...” 

“Biz öz həqiqətlərimizi bilirik və kiməsə ehtiyacımız yoxdur”

“Odur ki, məncə, bu səfərin ciddi əhəmiyyəti yoxdur. Uzaqbaşı tövsiyə verib, gedəcəklər” 


İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan və Ermənistana səfər etmək niyyətindədir. Bu barədə xanım Linde özünün “Twitter” səhifəsində yazıb.
A.Linde ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in Minsk Qrupunun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə Azərbaycan və Ermənistana gözlənilən səfəri ilə bağlı görüş keçirib.

İlin- ayın bu çağında, artıq ona ehtiyacımız olmadığı bir vaxtda xeyirdimi belə bir səfər?! Niyə otuz il səsimizə səs verməyən ATƏT indi “qış yuxusundan oyanıb?!” Halbuki, “Əhməd hardadır?” filmində olduğu kimi uzun müddətdir axtarışda idik. Amm biz Əhmədi yox, beynəlxalq qurumları, o cümlədən ATƏT-i axtarırdıq...

 Politoloq Tofiq Abbasov sözügedən səfərlə bağlı “Sherg.az”a danışıb. Onun fikrincə, “qatar çoxdan keçib”:

 “ATƏT “Mən də burdayam” demək istəyir. Halbuki Qarabağ məsələsinin həllində onun heç bir rolu olmadı. Azərbaycanın çağırışlarına rəğmən, ATƏT uzun illər səssiz qaldı.

“Hə” desə də, “əlini əlinin üstündən götürmədi”. Sözügedən təşkilatdakı bütün işçi qruplar, komitə və komissiyalar məsələyə formal yanaşdılar.

Azərbaycan öz gücünə prosesləri həll etdi. İndi gəlib bizə nə deyəcək?! Deməyə sözü var ki?! Biz öz həqiqətlərimizi bilirik və kiməsə ehtiyacımız yoxdur.

Odur ki, məncə, bu səfərin ciddi əhəmiyyəti yoxdur. Uzaqbaşı tövsiyə verib, gedəcəklər”.